Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Emil İsmayılov/
2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 12,53 milyard kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal edilib ki, bu da 2013-cü ilin eyni dövrünün göstəricisindən 3,5 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) 2014-cü ilin 7 ayının yekunu üzrə hesabatında deyilir.
Bu ilin ilk 7 ayında istehsal edilmiş elektrik enerjisinin (əmtəə) ümumi həcmindən təqribən 11,7 milyard kilovat-saat istilik elektrik stansiyalarının (İES) payına düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,5 faiz çoxdur.
Azərbaycanın su elektrik stansiyaları (SES) yanvar-iyul aylarında 862,2 milyon kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal ediblər ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 8,7 faiz azdır.
2013-cü ildə Azərbaycanda təqribən 20,63 milyard kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisini 0,6 faiz üstələyir. 2013-cü ildə istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən təqribən 19,26 milyard kilovat-saat İES-in payına düşüb ki, bu da 2012-ci ilin göstəricisindən 2,7 faiz çoxdur. SES-lər tərəfindən ötən il təqribən 1,37 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, 2012-cü ildə qeydə alınan göstəricidən 21,7 faiz azdır.