Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:33-də yayılıb)
Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Emil İsmayılov/
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağının işlənməsi ilə əlaqədar Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin payının maliyyələşdirilməsi üzrə Ankarada kredit sazişi imzalanıb. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın iştirakı ilə imzalanan saziş TPAO ilə "Vakıf BANK" və "Türkiyə İş Bankı" arasında 1 milyard ABŞ dolları məbləğində maliyyələşdirməni nəzərdə tutur.
Ankarada imzalanan kredit sazişi TPAO-nun "Şahdəniz" layihəsində əlavə 10 faiz pay əldə etməsi çərçivəsində maliyyələşdirməni təmin etməyə imkan verəcək.
Kredit sazişinin imzalanması mərasimində T.Yıldız Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində "Botaş" şirkətinin payının 20-dən 30 faizədək və TPAO-nun "Şahdəniz" layihəsində payının isə 9-dan 19 faizədək artırılmasının zəruriliyini qeyd edib.
Nazir əlavə edib ki, ötən il bu layihələrin mənfəəti 265 milyon dollar olub: "2014-2015-ci illərdə bu məbləği 2 dəfə (qeyd edilən layihələrdə iştirak payının artırılması sayəsində) artırmağı planlaşdırırıq".