...

Azərbaycan DESFA üzrə sövdələşmədə maraqların toqquşmasını görmür

Energetika Materials 11 Mart 2015 13:58 (UTC +04:00)
Azərbaycanın nöqteyi-nəzərindən ARDNŞ-nin Yunanıstanın qaz operatoru DESFA-da payın əldə etməsi məsələsində maraqların heç bir toqquşması yoxdur.
Azərbaycan DESFA üzrə sövdələşmədə maraqların toqquşmasını görmür

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Azad Həsənli/

Azərbaycanın nöqteyi-nəzərindən ARDNŞ-nin Yunanıstanın qaz operatoru DESFA-da pay əldə etməsi məsələsində maraqların heç bir toqquşması yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Euractiv" nəşrinə deyib.

Onun sözlərinə əsasən, Azərbaycan Avropa İttifaqının ARDNŞ-nin DESFA-da pay əldə etməsi üzrə sövdələşmənin Aİ-nin hüquq normalarına uyğunluğunu araşdırması ilə bağlı narahatlığını bildirib: "DESFA-da payın əldə edilməsi üzrə tenderin qalibi olan Azərbaycan Avropa Komissiyasının sövdələşmənin Aİ-nin hüquq normalarına müvafiqliyi barədə qərarı yubatmasının səbəbləri ilə maraqlanır".

N.Əliyev bildirib ki, bununla əlaqədar Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoçivlə görüşdə narahatlığını ifadə edib.

ARDNŞ 2013-cü ilin dekabrında DESFA-nın 400 milyon avroluq 66 faiz səhmlərinin əldə edilməsi üzrə tenderin qalibi olub. Qalan hissə Yunanıstana məxsus olacaq.

Nazir əlavə edib ki, Azərbaycanın nöqteyi-nəzərindən mövcud vəziyyətdə maraqların toqquşması olmayıb: "Çünki "Cənub Qaz Dəhlizi" ilə tədarük ediləcək qazın sahibi Azərbaycan deyil, "Şahdəniz-2" konsorsiumudur. Buna görə də düşünürük ki, Azərbaycanı qazın sahibi, tədarükçüsü və distribüteri hesab etmək lazım deyil. Ümid edirəm ki, Avropa Komissiyası bunu nəzərə alacaq".

N.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Bolqarıstana səfərini şərh edib. Səfər zamanı bu ölkənin Baş naziri Boyko Borisov "Nabucco" layihəsinin dirçəldilməsini gündəmə gətirib.

Nazir bildirib ki, Azərbaycan "Türk axını" layihəsinin köməkliyi ilə Avropanın cənub-şərqinə ildə 63 milyard kubmetr qaz ixrac etməyi planlaşdıran Rusiya ilə yarışmır: "Azərbaycan 2019-2020-ci illərdə hər il Aİ-yə 10 milyard kubmetr qaz tədarük edəcək. Azərbaycanda qaz ehtiyatları təqribən 2,65 trilyon kubmetrdir. Əlavə qaz tədarüklərini təmin edəcək gələcək layihələr çox güman ki, "Nabucco"dan çox fərqlənəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti