Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin potensialının səmərəli istifadəsi üçün Tədbirlər planı hazırlanır.
Bunu Trend-ə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.
Onun sözlərinə görə, Tədbirlər planı yüksək Günəş və külək enerjisi potensialı olan rayonlarda ölçü-müşahidə stansiyalarının qurulması, eləcə də bərpa olunan enerji potensialının dəqiq hesablanması üzrə işləri əhatə edir:
"Hazırda azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyalarının bərpası və inventarlaşması üzrə işlər başlayıb".
O qeyd edib ki, Tərtər və Həkəri çaylarının su ehtiyatları işğalçılar tərəfindən hər hansı ekoloji normaya əməl olunmadan istismar edilirdi:
"Əldə olunan enerjinin bir hissəsi Ermənistana nəql edilirdi. Amma 44 günlük müharibədən sonra ermənilər atəşkəs rejimindən istifadə edərək kiçik su elektrik stansiyalarını söküb və avadanılqları məhv ediblər".
T.Ammayev vurğulayıb ki, həmin stansiyaların ümumi gücü 140 meqavatt səviyəsində qiymətləndirilir və onların tikintisi Azərbaycanın ekoloji təmiz enerji ilə təmin olunması xüsusi töhfə verəcək.