...

SOCAR Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin tranzitinə başlayıb

Energetika Materials 24 Mart 2023 19:01 (UTC +04:00)
SOCAR Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin tranzitinə başlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb.

Trend xəbər verir ki, bu haqda SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-nin məlumatında bildirilir.

Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri Aktau limanından martın 27-də yola düşəcək.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

Qeyd edək ki, BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və Şahdəniz kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. 18 yanvar 2023-cü il tarixində BTC 4 milyard barel neft ixracını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti