Bakı. Trend:
2023-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna (NEZ) 1,006 milyon ton neft tədarük olunub.
Trend bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir.
Beləliklə, zavoda neft tədarükləri 2022-ci ilin analoji dövrqündə tədarük olunan 1,072 milyon tonla müqayisədə 6,2 faiz azalıb.
EPDK-nin hesabatına əsasən, bu dövrdə zavodda müxtəlif neft məhsulları, o cümlədən, 496 min 184 tona yaxın dizel yanacağı, 7 min 435 ton biodizel tərkibli dizel yanacağı, 148 min 037 ton aviasiya yanacağı, 125 min 449 ton digər məhsullar, 15 min 463 ton maye karbohidrogen qazı, 144 min 088 ton nafta, 63 min 874 ton neft koksu, 38 min 988 ton qaz və 8 min 586 ton yüksək kükürdlü dizel yanacağı istehsal olunub.
Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi milyard dollar təşkil edəcəyi gözlənilir.
STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)