Bakı. Trend:
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB-) imkanlarının artırılması üzrə bazar sınağının öhdəlik yaradan mərhələsi başlayıb.
Bu barədə Trend-ə boru kəmərinin operatoru olan ICGB şirkətindən bildiriblər.
Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Ukrayna, Moldova və Slovakiyanın ötürmə sisteminin operatorlarını birləşdirən Şaquli Qaz Dəhlizi təşəbbüsü çərçivəsində ICGB-nin səyləri Mərkəzi və Cənub-Şərqi Avropaya, eləcə də Ukrayna və Moldovaya təbii qaz tədarükləri üçün potensialın artırılması ilə bağlı imkanlarının təmin edilməsinə yönəlib.
Hazırda interkonnektorun ötürücülük qabiliyyəti illik 3 milyard kubmetr təşkil edir, müvafiq prosedur uğurla tamamlandıqdan sonra isə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.
ICGB bütün maraqlı tərəfləri 24 iyun 2024-cü il tarixinə qədər qeydiyyat sənədlərini, 2 - 12 iyul 2024-cü il tarixləri ərzində isə təkliflərini təqdim etməyə dəvət edir. Öhdəlik yaradan mərhələnin bütün sonrakı mərhələləri növbəti aylarda davam edəcək. Nəticələr 2024-cü ilin sentyabrında açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.
İnterkonnektorun ötürücülük qabiliyyətinin artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)