Bakı. Trend:
Azərbaycanda COP29-da danışıqlar masasında bütün tərəflər təmsil olunurdu.
Bunu Trend-ə verdiyi özəl müsahibədə təşkilatın baş katibi Heysəm Əl Qeys deyib.
“Energetikanın gələcəyinin müzakirəsində hər kəs iştirak etməlidir.“Bu, hər zaman bizim prinsipimiz olub: biz inklüzivlik tərəfdarıyıq, istisnanın yox. Biz heç kimi qovmuruq və heç nəyi inkar etmirik. Biz Azərbaycanda keçirilən COP29 danışıqlar masasında bütün tərəflərin təmsil olunmasını yüksək qiymətləndiririk.
Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılış mərasimində qeyd etdiyi kimi, həqiqətən, neft və qaz - “bu, Tanrının bəxş etdiyi hədiyyədir”.
Onlar istehsalçı ölkələr üçün, eləcə də, bütün dünyadan olan istehlakçılar üçün həyati əhəmiyyətli qalmaqdadır. Bundan başqa, onların payına dünyanın enerji balansının təxminən 55 faizi düşür. Neft və qazın rolu nəzərə alınmadan iqlim və gələcək enerji yollarının müzakirəsi qeyri-mümkündür", – deyə OPEC baş katibi bildirib.
O hesab edir ki, inklüzivlik gələcək inkişaf üçün bir əsas olmalıdır.
“Biz aydın şəkildə anlamalıyıq ki, aşağı emissiyalı gələcək qurmaqla yanaşı, enerji təhlükəsizliyini təmin etmək və enerjiyə ümumi çıxışı reallaşdırmaq müxtəlif yanaşmalar tələb edir. Bu, nə ölkələr, nə də sənaye sahələri üçün ‘hamıya eyni yol’ deyil. OPEC olaraq biz enerji həllərinin beynəlmiləlliyi prinsipinə sadiqik. Artan tələbatı və ehtiyacları tək bir enerji mənbəyi qarşılamayacaq”, – deyə Əl Qeys əlavə edib.
Baş katib vurğulayıb ki, OPEK bütün xalqların maraqlarını nəzərə alan yanaşmanın tərəfdarıdır. Bu yanaşma hər bir ölkənin imkanlarını, milli xüsusiyyətlərini və inkişaf prioritetlərini nəzərə alaraq, heç kimin kənarda qalmamasını təmin etməlidir.
“İnkişaf etməkdə olan dünyada milyardlarla insan hələ də enerji sahəsindəki boşluğu doldurmağa çalışır. Bu insanlar üçün enerji gələcəyi müxtəlif enerji mənbələrinin xərcləri və faydaları ilə bağlı müzakirələr və ya eleketrik avtomobili almaq seçimi ilə bağlı deyil. Söhbət inkişaf etmiş ölkələrin adi hal kimi qəbul etdiyi əsas enerji ehtiyaclarına çatmaqdan, məsələn, işıq yandırmaq, təmiz sobada yemək bişirmək, işə və ya məktəbə getmək üçün mühərrikli nəqliyyat vasitəsinə sahib olmaq imkanından gedir. “Ümumi, lakin fərqləndirilmiş öhdəliklər və müvafiq imkanlar” prinsipi həlledici əhəmiyyət daşıyır və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası prosesinin və COP görüşlərinin təməlini təşkil edir.
Məhz bu səbəbdən texnologiyaya əsaslanan yanaşmanı dəstəkləyirik və üzv dövlətlərimiz karbonun tutulması, istifadəsi və saxlanması, havadan birbaşa karbonun tutulması, dövri karbon iqtisadiyyatı, eləcə də, hidrogen, bərpaolunan enerji və nüvə enerjisi kimi digər enerji mənbələrinə investisiyalar yatırırlar.
Biz bu ilin sonuna Braziliyada COP30-un keçirilməsini səbirsizliklə gözləyirik – adıçəkilən ölkə bu yaxınlarda OPEC və OPEC-ə daxil olmayan ölkələrin Əməkdaşlıq Xartiyasına qoşulub”, - deyə o yekunlaşdırıb.