Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev martın 16-17-də Tbilisidə keçiriləcək 5-ci Gürcüstan "Neft, Qaz, Energetika və İnfrastruktura" (GIOGIE-2006) beynəlxalq konfransında iştirak edəcək. Bu barədə Trend ə İTE Group plc.-nin tərkibinə daxil olan Iteca Caspian şirkətində bildirilib.
GIOGIE-2006 15 ölkədən 250-dən çox nümayəndə heyətini cəlb edən illik ənənəvi forumdur.
Şirkətdə qeyd olunub ki, konfransda Gürcüstanın neft və qaz nəqli üçün tendensiya və potensialı, ixtisaslaşdırılmış xidmət firmaları üçün yeni imkanlar, Azərbaycan, Türkiyə, Qazaxıstan və Rusiya ilə əməkdaşlıq, müvafiq infrastruktura vəsait qoyuluşu: Gürcüstanın liman, dəmir yolu, telekommunikasiya, təhlükəsizlik, sığorta, energetika sektorunun reabilitasiyası, yerli neft sənayesinin inkişafı kimi məsələlər müzakirə ediləcək.
Konfransın məruzəçiləri arasında Gürcüstanın energetika naziri Nikoloz Qilauri, Türkiyənin TPAO şirkətinin sədri Osman Dink, "Kaztransqaz" şirkəti baş direktorunun köməkçisi Daniyar Berlibayev, BP Georgia şirkətinin regional meneceri Ref Diqins və digərləri də vardır.
GIOGIE 2006 konfransına rəsmi dəstəyi Gürcüstanın Energetika Nazirliyi, Gürcüstan Beynəlxalq Neft Korporasiyası (GIOC) və Gürcüstanın "Saknavtobi" Milli Neft Şirkəti göstərəcək.