...

BP Azerbaijan "Azəri"-"Çıraq"-"Günəşli"də hazırki sutkalıq neft hasilatını açıqlayıb

Energetika Materials 13 Fevral 2007 19:00 (UTC +04:00)

Hazırda "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarında sutkalıq hasilat həcmi 700 min bareldən çox təşkil edir və 2007-ci ildə orta hesabla dörd platformadan sutkada 708 min barel neftin hasil olunması planlaşdırılır. Trend xəbər verir ki, bu barədə BP Azerbaijan şirkətinin məlumatında qeyd olunub.

Bu hasilatın 141 min bareli "Çıraq"dan, 257 min bareli "Mərkəzi Azəri"dən, 168 min bareli "Qərbi Azəri"dən və 142 min bareli "Şərqi Azəri"dən gözlənilir.

2006-cı ildə orta hesabla sutkada "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarından hasil olunan 472 min bareldən 142 min barel "Çıraq" platformasından, 223 min barel "Mərkəzi Azəri"dən, 96 min barel "Qərbi Azəri"dən və 11 min barel "Şərqi Azəri"dən hasil olunub.

"Çıraq" platformasında hazırda 20 quyu istismardadır: bunlardan 14-ü hasilat, 6-ı suvurma quyusudur. Hal-hazırda "Çıraq" sutkada təqribən 150 min barel neft hasil olunur. 1997-ci ilin noyabrında hasilat başlanandan 2006-cı ilin sonuna qədər "Çıraq"dan 382 milyon bareldən artıq (51 milyon tondan artıq) neft hasil olunub.

"Mərkəzi Azəri" platformasında hazırda 13 quyu istismardadır: bunlardan 11-i hasilat, ikisi qazvurma quyusudur. Hal-hazırda "Mərkəzi Azəri" platformasında sutkada təqribən 250 min barel neft hasil olunur. 2005-ci ilin fevralında hasilat başlanandan 2006-cı ilin sonuna qədər "Mərkəzi Azəri" platformasında 127 milyon bareldən (17 milyon tondan) artıq neft hasil olunub.

"Qərbi Azəri" platformasında hazırda 6 quyu istismardadır: bunların hamısı hasilat quyusudur. Hal-hazırda "Qərbi Azəri" platformasında sutkada təqribən 170 min barel neft hasil olunur. 2006-cı ilin yanvarının əvvəlində hasilat başlanandan 2006-cı ilin sonuna qədər "Qərbi Azəri" platformasında 35 milyon barel (4,7 milyon ton) neft hasil olunub.

"Şərqi Azəri" (ŞA) yatağında neft hasilatının 2006-cı ilin oktyabr ayınında qrafikdən 4 ay əvvəl başlanması ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsinin 2-ci Fazası tamamlanır. Hazırda səkkiz qabaqlayıcı quyudan üçündən sutkada təqribən 130 min barel neft çıxır və digər qabaqlayıcı quyular istismara verildikcə, hasilatın 2007-ci il ərzində platformadan qazma işləri başlanana qədər artacağı gözlənilir. Ən yüksək sabit hasilat zamanı ŞA platformasında gün ərzində 260 min barel neft hasil olunacaq, Qərbi və Mərkəzi Azəri daxil olmaqla Azəri yatağında ümumi hasilat həcmi gün ərzində 800 min bareldən çox olacaq.

Xəbər lenti

Xəbər lenti