Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ Gürcüstanın Neft və Qaz Korporasiyası bəyan edib ki, Azərbaycandan idxal olunan "mavi yanacağ"ın azalmasından ölkə enerji daşıyıcılarının çatışmazlığı ilə üzləşməyib. "Azərbaycandan qaz idxalının azalmasından sonra Gürcüstan çatışmazlıqla üzləşməyib" - deyə Trend ın müxbirinə Gürcüstanın Neft və Qaz Korporasiyasından bildiriblər.
Məlumat üsün bildirək ki, "Azəriqaz" yanvarın 10-dan Gürcüstana müqavilə əsasında ixrac etdiyi qazın nəqlini dayandırıb. Müvafiq müddət ərzində qonşu respublikaya gün ərzində 1,3 milyon kubmetr qaz ötürülürdü. Hal-hazırda isə Gürcüstan Cənubi-Qafqaz qaz kəməri ilə gün ərzində 1 milyon kubmter qaz alır. Bu qaz "Şahdəniz" yatağından hasil olunur. Gürcüstan həmçinin ərazisi ilə Ermənistana "mavi yanacaq" ötürüldüyü üçün Rusiyadan gündə 800 min kubmter qaz alır. "Qazprom"la imzaladığı müqaviləyə əsasən isə qonşu dövlət gündəlik 2,3 milyon kubmter qaz alır. Qeyd edək ki, bu gündən etibarən Tbilisinin bəzi rayonlarında qazın verilməsinə məhdudiyyətlər qoyulub. Lakin korporasiyada bunu qaz çatışmazlığı ilə əlaqələndirmirlər. Oradan verilən məlumata görə, müvafiq məhdudiyyətlər qaz magistralında aparılan bərpa işləri ilə bağlıdır. Bu işlər Gürcüstan-ABŞ "Minilliyin çağırışı" proqramı çərçivəsində gerçəkləşdirilir.