...

"Energy Intelligence Group"un eksperti: "Qazma qurğuları bazarında yeni birləşmiş şirkətlər peyda ola bilər"

Energetika Materials 25 İyul 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Neft və qaz sahəsində çalışan xarici ekspertlər bu həftə "Transocean" və "GlobalSantaFe" şirkətlərinin birləşməsindən sonra yeni birgə iri qazma şirkətlərinin peyda olacağını istisna etmirlər.

Çərşənbə günü Trend a fikrini açıqlayan "Energy Intelligence Group"un eksperti Cef Qosmano (Jeff Gosmano) bildirib ki, dənizdə qazma işləri aparan şirkətlər arasında "Noble", "Diamond Offshore", "Ensco" kimiləri var və onlar Şimal dənizində, digər regionlarda fəaliyyət göstərirlər. Bu şirkətlər artıq birləşmiş iri "Transocean" şirkəti ilə effektiv rəqabət aparmaq üçün mümkün anlaşmalar üçün axtarışlara başlaya bilərlər.

"Dənizdəki qazma işləri üçün avadanlıqların quraşdırılması biznesi kapital tutumlu olduğu üçün iri olmağın özəlliyi ondan ibarətdir ki, iri şirkətlər yeni qurğular inşa etmək və sifarişçilərə daha yaxşı xidmət göstərmək üçün maliyyə çevikliyinə malik olurlar" - deyə Qosmano bildirib.

Onun fikrincə, "Transocean" və "GlobalSantaFe" arasındakı anlaşma dünyada qazma qurğularının icarə qiymətlərinə heç cür təsir göstərməyəcək.

"İki iri neft şirkəti birləşəndə analoji hal neftə olan qiymətlərdə də müşahidə olunur. Anlaşma qiyəmətlərə heç cür təsir göstərmir" - deyə o vurğulayıb.

"Transocean" və "GlobalSantaFe" şirkətlərinin Direktorlar Şurası aktivlərin birləşdiyini bəyan ediblər. "Transocean Inc." adlanan birgə şirkətin ümumi dəyəri $53 mlrd. təşkil edəcək. Şirkətin ixtiyarında 146 qazma qurğusu olacaq.

Azərbaycanda "GlobalSantaFe" şirkəti "Qurtuluş" qazma qurğusuna malikdir. Bu qurğu Xəzərin Azərbaycan və Türkmənistan hissəsində aparılan bəzi işlərə cəlb olunub.

"Transocean"a gəldikdə isə (CDC müştərək müəssisəsi çərçivəsində) Azərbaycanda "Dədə Qorqud" və "İstiqlal" qurğularına malikdir. Onlar "VR Azerbaijan"ın sifarişi ilə "Azəri"-"Çıraq"-"Günəşli" və "Şahdəniz" yataqlarında işləyir.

Xəbər lenti

Xəbər lenti