...

Iran vəTürkiyə arasında yekun qaz sazişi oktyabr ayında bağlanacaq

Energetika Materials 8 Sentyabr 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ Iran və Türkiyə arasında yekun qaz sazişi oktyabr ayında bağlanacaq. İRNA agentliyinin şənbə günü verdiyi məlumata əsasən, İran-Türkiyə qaz müqavilələrinə dair danışıqlar prosesi çox sürətlə gedir. Oktyabr ayında müzakirələrin yekunlaşması və müqavilənin bağlanması gözlənilir.

İran və Türkiyə arasında iyun ayında təbii qaz nəqliyyatı üzrə ilkin əməkdaşlıq müqaviləsi bağlanıb. Müqaviləni Ankarada İranın sabiq energetika naziri Seyyidkazım Vəziri Hamanə ilə Türkiyənin energetika naziri Hilmi Gülər imzalayıb.

İyul ayında Hilmi Gülər Türkiyəni təmsil edən nümayəndə heyətiylə birgə Tehrana rəsmi səfər edərək İranın energetika naziri ilə bu barədə müzakirələr aparıb. Oktyabr ayında isə İranın nümayəndə heyəti yekun qaz müqaviləsinin imzalanması üçün Ankaraya səfər edəcək.

Turkiyənin "Cumhuriyyət" qəzetində verilən məlumata istinadən, iki ölkə arasında aparılan danışıqlara əsasən, Türkiyə İran qazını Avropaya satmayacaq. İran qazını Tehranda İran-Turkiyə müştərək şirkəti boru kəmərləri vasitəsilə Türkiyə ərazisindən Avropaya (NABOKO) daşıyacaq.

"Cumhuriyyət"in məlumatına əsasən, Turkmənistan qazı isə İran-Türkiyə tranzit xətti ilə Avropaya ötürüləcək.

Rəsmi Tehran və Ankara arasında daha bir saziş hazırlanır. Müqavilədə Türkiyənin 14 milyard dollar sərmayə yatırmaqla İranın "Parse Cənubi" qaz yatağının 3 nöqtəsində qaz istehsalı ilə məşğul olması nəzərdə tutulur. Türkiyə rəsmilərinin israrına rəğmən, İran ixrac olunacaq qazı Türkiyəyə verməkdən imtina edib. İran-Ankara müştərək şirkəti Avropada qazın satışına başlayacaq və qazın qiyməti də həmin şirkət tərəfindən müəyyənləşdiriləcək.

İRNA-nin verdiyi məlumata əsasən, İran və Türkmənistan arasında sazişə əsasən, İran 8 milyard kubmetr həcmində aldığı Turkmənistan qazının 6 milyard kubmetrini Türkiyə ərazisi vasitəsilə Avropaya daşıyacaq. Türkmənistandan aldığı qazın qiymətini İran müəyyənləşdirəcək və Türkiyənin bu müqavilədə maliyyə qazancı olmayacaq.

Xəbər lenti

Xəbər lenti