Bakı. Trend:
Azərbaycanın 2024–2026-cı illər üçün maliyyə sektorunun inkişaf strategiyasının nəticələri və onun bazara təsiri yaxın gələcəkdə hiss olunacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.
“Ümumiyyətlə, artıq 2024–2026-cı illər strateji dövrünün ilk ilinin sonuna yaxınlaşırıq və bu ilin sonunda ətraflı məlumat təqdim olunacaq. Qısa olaraq qeyd edə bilərəm ki, nəticələri yüksək qiymətləndirirəm, çünki yalnız Mərkəzi Bankın komandası deyil, sektorun bütün qurumları bu işə töhfə verir.
Xüsusi olaraq vurğulamaq istədiyim məqam strategiyanın konkret hədəf və səmərəlilik göstəricilərinin (KPI) olmasıdır. Bəzi istiqamətlərdə bu hədəflərə çatdığımızı artıq görürük. Digər tapşırıqlar üzrə işlər davam edir, lakin onların effekti dərhal konkret rəqəmlərdə özünü göstərməyəcək. Bu dəyişikliklərin sektora təsir etməsi və uyğunlaşma üçün müəyyən vaxt tələb olunacaq. Mərkəzi Bank tərəfindən strategiyanın icrası üçün ayrılan resurslar məhz investisiya xarakteri daşıyır. İstər risk yönümlü nəzarət çərçivəsində yeni hesabatlara keçid, istər açıq bankçılıq xidmətləri ilə bağlı işlər, istərsə də gələn il IT idarəetmə qaydaları ilə birlikdə açıqlanacaq kibertəhlükəsizlik qaydaları bu tədbirlərin hamısı sektorun dayanıqlı inkişafına yönəlib.
Burada yatırılan resursları investisiya kimi dəyərləndirmək çox vacibdir. Buna görə də cari mərhələni yüksək qiymətləndiririk və ümid edirik ki, strategiyanın nəticələri və bazara təsiri yaxın gələcəkdə hiss olunacaq”, - deyə V.Xəlilov vurğulayıb.