Bakı.Trend:
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) Azərbaycanın özəl sektoruna 83 milyon ABŞ dollarından çox həcmdə kredit xətti ayırıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıqla bağlı keçirilən təqdimat zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə IsDB arasında uzunmüddətli və uğurlu tərəfdaşlıq mövcuddur:
“Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür. Bu günədək bank dövlət zəmanəti ilə həyata keçirilən 18 tamamlanmış və bir davam edən layihə üçün 1 milyard ABŞ dollarından çox vəsait ayırıb”.
“Son illərdə IsDB Qrupu ilə əməkdaşlıq daha da dinamik xarakter alıb. Yüksək səviyyəli bir sıra görüş və səfərlər baş tutub. Bunlara IsDB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin 2023-cü ildə Azərbaycana səfəri, 2024-cü il üzrə Azərbaycanla Əməkdaşlıq Çərçivə Proqramının hazırlanmasına dair Anlaşma Memorandumunun imzalanması, eləcə də 2025 və 2026-cı illərdə davam edən görüşlər daxildir”, - deyə Y. Abdullayev bildirib.
O əlavə edib ki, bu təmaslar strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı sadiqliyi nümayiş etdirir:
“Əməkdaşlığımız həmçinin üzv ölkələr arasında potensialın inkişafı və bilik mübadiləsinə yönəlmiş IsDB-nin "Əks Əlaqə Proqramı"nı da əhatə edir. Bu proqram çərçivəsində Azərbaycan pambıqçılığın inkişafı, su ehtiyatlarının idarə olunması, rəqəmsal transformasiya, dövlət xidmətlərinin göstərilməsi, qadınların maliyyə inklüzivliyi və keyfiyyətli infrastrukturun inkişafı ilə bağlı təşəbbüslərdə iştirak edir”.
İcraçı direktorun sözlərinə görə, hazırda müzakirə olunan istiqamətlər arasında infrastrukturun inkişafı, su ehtiyatlarının idarə olunması, irriqasiya ( suvarma), nəqliyyat infrastrukturu və kommunal xidmətlər sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır:
“Bu istiqamətlər Azərbaycanın inkişaf prioritetlərini əks etdirir və resursların dayanıqlı idarə olunmasını, regional inkişafı və ictimai infrastrukturun modernləşdirilməsini dəstəkləyən layihələr üzrə praktiki əməkdaşlıq imkanları yaradır”.
O əlavə edib ki, Azərbaycan IsDB Qrupunun digər strukturları ilə də uğurla əməkdaşlıq edir.
"Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kredit xətləri və özəl sektorun maliyyələşdirilməsi vasitəsilə, əsasən kiçik və orta biznesin maliyyəyə çıxış imkanlarının genişləndirilməsinə dəstək göstərib. ITFC Azərbaycanın özəl sektoru üçün kredit xətləri şəklində 83 milyon ABŞ dollarından çox vəsait ayırıb.
Bugünkü gündəliyə IsDB Qrupunun strukturlarının təqdimatları, maliyyələşdirmə və ticarət üzrə ixtisaslaşmış sessiyalar, eləcə də işgüzar əlaqələrin qurulması imkanları daxildir. Əminəm ki, bu müzakirələr Azərbaycan şirkətlərinə onlar üçün əlçatan olan praktiki alətləri daha yaxşı anlamağa və əməkdaşlıq üçün yeni imkanları müəyyənləşdirməyə kömək edəcək”, - deyə o vurğulayıb.
