...

“Yuxarı Vəng” SES-də 66 milyon kilovat-saatadək “yaşıl” enerji istehsal olunacaq (FOTO)

Yaşıl iqtisadiyyat Materials 3 Sentyabr 2024 11:25 (UTC +04:00)
“Yuxarı Vəng” SES-də 66 milyon kilovat-saatadək “yaşıl” enerji istehsal olunacaq (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərinin “yaşıl” enerji zonasına çevrilməsi istiqamətindəki enerji strategiyasına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən Kəlbəcər rayonunda yeni tikilən 22,5 meqavat gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyası torpaqlarımız işğaldan azad edildikdən sonra regionda yaradılan ən böyük “yaşıl” enerji mənbəyidir.

Trend-in Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Azərenerji” ASC mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.

O bildirib ki, təkcə 22,5 meqavat gücündə “Yuxarı Vəng” SES-də istehsal edilən “yaşıl” enerji növbəti 5 il ərzində ilin bütün fəsillərində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər.

Qeyd edək ki, ümumi gücü 40 meqavat olan “Kəlbəcər” SES Silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq “Zəngilan” SES Silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

“Kəlbəcər” Su Elektrik Stansiyaları Silsiləsinə daxil olan “Yuxarı Vəng” SES-ə su iki mənbədən - “Nadirxanlı” SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilmiş baş suqəbuledici qurğudan daxil olur. Su elektrik stanisyasının ekoloji normaların qorunması şərtilə 1 100 mmütləq yüksəklikdə tikilən baş suqəbuledici qurğusunun eni 26 m, uzunluğu isə 33 m-dir. Enerji istehsalı, eyni zamanda daşqınların qarşısının alınması üçün böyük əhəmiyyətə malik olan baş suqəbuledici qurğudan stansiyaya suyu ötürmək üçün çətin relyefdə 6 824 metr uzunluğunda 2400 mm diametrli derivasiya borusu çəkilib. Avropa istehsalı olan turbin, generator və digər avadanlıqlarla təchiz edilən stansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Bununla da stansiya ölkə enerjisisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub və burada lazımi kiber təhlükəsizlik tədbirləri görülüb.

Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib.Quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışmasının qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır.

Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, aşağı axım zonasının su təminatı, eyni zamanda məcraaltı su ehtiyatının formalaşmasına öz töhfəsini verir.

Layihə "Azərenerji" ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanmışdır. Yenidənqurma işləri çərçivəsində hidroturbin, hidrogeneratorlar və köməkçi avadanlıqların quraşdırılmasında yerli mütəxəssislərlə yanaşı, Avstriyanın "Gugler", İtaliyanın "MorelliMotory" şirkətlərinin mütəxəssisləri də iştirak edib.

“Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək “yaşıl” enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Qeyd edilən nəzərə alınmaqla “Yuxarı Vəng” su elektrik stansiyasının tikintisi və fəaliyyətə başlaması üçün qoyulan kapital xərcləri layihənin səmərəliliyi sayəsində 7 ildən az müddətdə tamamilə geri qaytarılacaq ki, bu da layihənin yüksək gəlirli və iqtisadi cəhətdən əlverişli olduğunu göstərir.

Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl” enerji keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. "Yuxarı Vəng" SES, bu il elan edilən "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilmiş və ölkəmizin “yaşıl” enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.

Stansiya regionun enerji, iqtisadi və ekoloji inkişafına töhfə verməklə bərabər, əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təmin olunması nəzərdə tutulur.

Ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerjisisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti