...

Kerri Makkarti ən az inkişaf etmiş ölkələr üçün lazım olan iqlim maliyyəsinin həcmini açıqlayıb

Yaşıl iqtisadiyyat Materials 11 Oktyabr 2024 13:13 (UTC +04:00)
Kerri Makkarti ən az inkişaf etmiş ölkələr üçün lazım olan iqlim maliyyəsinin həcmini açıqlayıb
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün illik 29-41 milyard ABŞ dolları tələb edir.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) zamanı video müraciətində bildirib.

"Artan iqlim böhranı qarşısında təcili tədbirlərin görülməsi zərurətini hamımız yaxşı bilirik, lakin tədbirlər effektiv maliyyələşdirmədən asılıdır və ən çox fəaliyyətə ehtiyacı olanların, lazım olan dəstəyi əldə etməkdə məhdudiyyətlərlə üzləşirlər", - o qeyd edib.

Nazir bildirib ki, ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin nəticələrindən ən çox zərər çəkənlər sırasındadır, eyni zamanda bu dəyişikliyin yaranmasında ən az məsuliyyət daşıyırlar. Lakin onlar, bu nəticələrə uyğunlaşmaq və ekoloji cəhətdən təmiz inkişaf yolları yaratmaq üçün lazım olan maliyyələşdirməyə çıxışda çətinliklərlə üzləşirlər.

"Ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün uyğunlaşma maliyyələşdirilməsi 2017-2021-ci illər ərzində orta hesabla yalnız 7 milyard dollar olub. Açıq-aydındır ki, böyük bir boşluq mövcuddur. Bu rəqəmlər, iqlim dəyişmələri baxımından həssas olan ölkələrə lazım olan maliyyələşdirməyə çıxış əldə etməkdə üzləşdiyi çətinlikləri əks etdirir", - o əlavə edib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans, yəni Pre-COP29 başlayıb.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək" devizi altında keçirilir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti