Bakı. Trend:
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərində bir sıra layihələr hazırlayır.
Trend xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda COP29 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Füzulidə tikilən məktəbə əlavə olaraq, bu gün tikiş fabrikinin layihəsinə start verilib. Burada təxminən 1000 iş yeri yaradılıb. Bu, Özbəkistan tərəfi ilə Azərbaycan şirkətləri arasında 50-50 payla birgə layihədir, bu çox əlamətdar hadisədir. Biz başa düşürük ki, bu, işğaldan azad edilmiş ərazilərdə sənaye istehsalının yaradılmasına yönəlmiş ilk xarici investisiyalardır. İndi biz bir sıra yeni layihələr, o cümlədən bu ərazilərdə tikinti materialları istehsalının yaradılması təşəbbüsü hazırlayırıq", - o deyib.
Nazir qeyd edib ki, Özbəkistan şirkətlərinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə tikinti materiallarının istehsalı yeni istiqamət və layihələr kimi nəzərdən keçirilir.
"Biz əczaçılıq məhsullarının, tibbi cihazların istehsalı üzrə yeni layihələrdən danışırıq. Bir sözlə, sənaye kooperasiyası layihələrini həyata keçirmək üçün imkanlar çoxdur. 1,5 milyard dollardan çox dəyərində layihələr uğurla formalaşdırılıb", - deyə o bildirib.
Laziz Kudratov Özbəkistan-Azərbaycan əməkdaşlığının daha da yüksəklərə çatacağına əminliyini bildirib.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.