Bakı. Trend:
Biləv Su Elektrik Stansiyasının son 5 ildə istehsal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb.
Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib ki, bu rəqəm 2020-2024 cü illər arasında müvafiq olaraq 42.915, 36.362, 24.088, 26.560 və 53.335 min kVt/saat olub.
Qeyd edək ki, stansiyanın tam güclə işləməsi üçün kanala 10,5 kub.m/san su ötürülməlidir. Bununla yanaşı, gələn suyun miqdarı 1 kub.m/san-dən az olduqda belə stansiyada elektrik enerjisi istehsal olunur. Stansiyada il ərzində 50 milyon kilovatsaat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.
Biləv Su Elektrik Stansiyası Ordubad rayonu ərazisində Gilançay üzərində tikilib quraşdırılıb və 2010-cu ilin oktyabr ayının 5-də istismara verilib. Stansiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.