Yanacaqdoldurma obyektlərinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növünə aid ediləcək.
Trend xəbər verir ki, bu məsələ bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilərək dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə bir sıra tələblər müəyyən olunur. Bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması müəyyən olunur.
Müvafiq olaraq yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir. Dəyişikliyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilir.