Bakı. Trend:
İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan ediləcək.
Trend-in əldə etdiyi məlumata görə, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliklə 2026-cı il yanvarın 1-dən 60 vatt və yuxarı gücə malik olan közərmə lampalarının, 2026-cı il iyulun 1-dən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vatadək gücə malik olan közərmə lampalarının satışı qadağan ediləcək.
Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulur. Buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunub, artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənib.
LED, CFL və közərmə lamplarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqteyi nəzərindən müqayisəsi nəticəsində (cədvəl 1) müəyyən edilib ki, 15 000 saat istehlak müddəti olan 1 ədəd LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampa xərcində orta hesabla 2 dəfədən, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq verir.
Cədvəl 1. 15 000 saat xidmət müddəti üçün lampa növləri üzrə enerji sərfiyyatı:
Göstərici |
Közərmə lampası |
CFL |
LED |
Xidmət müddəti, saat |
1,000 |
8,000 |
15,000 |
Lampanın gücü, Vatt |
60 Vt |
14 Vt |
7 Vt |
Əvəzlənən lampaların sayı |
17 |
2 |
1 |
Cəmi enerji istehlakı, kVt.st |
900 |
210 |
105 |
Bundan əlavə, 60 vatt gücündə 1 milyon közərmə lampasının istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon emissiyasının miqdarı hesablanıb və LED lampa ilə müqayisə edilib (cədvəl 2).
Cədvəl 2.
Göstərici |
Közərmə lampası üzrə |
LED üzrə |
Lampa sayı, ədəd |
1,000,000 |
1,000,000 |
Bir lampanın gücü, Vt |
60 |
7 |
Cəmi illik enerji istehlakı, mln. kVt.st |
131.4 |
15.33 |
Qaz sərfi, mln. m3 |
29.1 |
3.39 |
Karbon emissiyasının həcmi, min ton |
63.6 |
7.4 |
Müqayisə zamanı müəyyən edilib ki, 1 il ərzində istifadə olunan 1 milyon közərmə lampaları 131.4 milyon kilovat-saat elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 milyon kubmetr təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampları ilə əvəz olunduğu halda, tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaq.
Əhali kateqoriyasından olan mövcud 2.7 milyon abunəçinin 5 0%-nin közərmə lampasından imtina edərək LED lampası istifadəsinə keçdiyi fərz edildiyi halda, həmin abunəçilər tərəfindən gün ərzində işıqlandırma məqsədilə elektrik enerjisi istehlakının 4.86 milyon kilovat-saatdan 567 min kilovat-saata (hər abunəçi üzrə ortalama 10 lampa və lampanın günlük istismar müddəti 6 saat nəzərə alınmaqla) enməsi ilə enerji səmərəliliyi təmin ediləcək.
Azərbaycana idxal olunan közərmə və LED lampalar üzrə aparılan araşdırma onu göstərir ki, 2017-2022-ci illərdə ölkəyə idxal olunan közərmə lampaları üzrə azalma, LED lampaları üzrə isə artım kimi müsbət tendensiya müşahidə olunur. Lakin közərmə lampaları idxalda hələ də kifayət qədər üstün həcmə malikdir (cədvəl 3).
Cədvəl 3. Azərbaycana idxal olunan közərmə və LED lampalarına dair statistika (2017-2022), min ədədlə:
Malın adı |
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
853922 |
Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyə hesablanmış közərmə lampaları |
25593.3 |
29479.43 |
26645.56 |
25224.28 |
21490.82 |
17611.17 |
853929 |
Digər közərmə lampaları |
2795.86 |
7716.06 |
7714.94 |
4582.84 |
4816.7 |
6549.03 |
853950 |
Işıq saçan diod lampaları (LED) |
-* |
1555.87 |
7981.19 |
8109.92 |
8820.93 |
4325.66 |
Azərbaycana idxal olunan közərmə və LED lampalarının dəyəri (2017-2022), min ABŞ dolları ilə
Malın adı |
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
853922 |
Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyə hesablanmış közərmə lampaları |
2832.13 |
3346.15 |
2900.67 |
2792.59 |
2319.09 |
2367.83 |
853929 |
Digər közərmə lampaları |
758.52 |
1717.83 |
1640.91 |
926.45 |
984.92 |
1634.46 |
853950 |
Işıq saçan diod lampaları (LED) |
-* |
1231.95 |
4122.47 |
3434.38 |
4066.31 |
1707.63 |
* LED lampalarına dair ticarət statistikası 2017-ci ilin və əvvəlki illərin cədvəllərində əks olunmayıb.
Közərmə lampalarından imtina edildiyi halda, LED lampaların qiymətinin közərmə lampalarından yüksək olduğunu nəzərə alaraq ilk ildə idxal dəyərində artıma gətirmə ehtimalı olsa da, sonrakı dövrlərdə LED lampaların növündən asılı olaraq közərmə lampaları ilə müqayisədə xidmət müddətinin yüksək olması idxal həcmlərində və dəyərində kəskin azalmalara gətirib çıxarcaq. Digər tərəfdən közərmə lamplarından imtina LED lampaların yerli istehsalçılarına da dəstək olacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə təsdiq etdiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda istinad edilmiş normativ sənədlərdə yer alan “Təbii və süni işıqlandırma normaları”nda közərmə lampalarından istifadəyə bəzi məhdudiyyətlər qeyd olunsa da, onun istifadəsinə dair qadağalar yoxdur.
Beləliklə, közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən Azərbaycan götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu “Bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi”nə öz töhfəsini verəcək.
Qeyd edək ki, yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 vatt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək.
Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.
Qanun qəbul ediləcəyi təqdirdə, 60 vatt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.