Bakı. Trend:
“SOCAR Green” şirkəti 240 Mvt gücündə innovativ layihə çərçivəsində Səngəçal neft-qaz terminalının karbonsuzlaşdırılması üçün 500 milyon kVt/saat-dan çox elektrik enerjisi ayırmağı planlaşdırır.
Trend xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.
“Biz faktiki olaraq enerjini şəbəkəyə veririk, sonra isə ölkənin başqa bir bucağından Səngəçal neft-qaz terminalının karbonsuzlaşdırılması üçün alırıq. Bu, 240 Mvt gücündə bir layihədir və terminal üçün 500 milyondan çox kVt/saat enerji təmin olunması nəzərdə tutulur ki, bu da onun dekarbonizasiyasına kömək edəcək”, -deyə ekspert vurğulayıb.
O qeyd edib ki, “SOCAR Green” həmçinin əsasən biznes, o cümlədən SOCAR üçün kiçik və orta ölçülü bərpa olunan enerji layihələri üzərində işləyir ki, bu da şirkətlərə emissiyaları və elektrik enerjisi xərclərini azaltmağa imkan verir. Eyni zamanda elektrik enerjisi ölkə tariflərindən bir qədər aşağı qiymətə satılır. Əsas diqqət günəş və külək energetikasına yönəldilsə də, şirkət geotermal enerji və bioqaz potensialını da araşdırır və resursların qiymətləndirilməsi mərhələsindədir.