Bakı. Trend:
Azərbaycanda tullantı yağların emalı üzrə ilk zavod ölkədə strateji xammal – birinci qrup baza yağı istehsal edəcək, gələcəkdə isə məhsulun 70 faizədək hissəsinin ixraca yönəldilməsi və 2027-ci ilə qədər “yaşıl hidrogen" istehsalının inkişaf etdirilməsi planlaşdırılır.
Bunu Trend-ə verdiyi özəl müsahibədə “Caspian Lubricatns Recycling” Azərbaycan-Bolqarıstan birgə müəssisəsinin və “Torec Ingeneering” bolqar şirkətinin Baş direktoru Kalin Runtev deyib.
Tullantılardan “yaşıl hidrogen"ə
“Hazırda biz tullantı yağlarının emalı üzrə zavodun tikinti mərhələsindəyik. Bu, ekoloji layihədir və onun çərçivəsində Bazel Konvensiyasına əsasən təhlükəli sayılan və ətraf mühitə böyük ziyan vuran tullantılar emal olunacaq.
Bizim üçün ilk mərhələ – Sumqayıt Sənaye Parkında tullantı yağların emalı və ilk baza yağının istehsalıdır. Zavod Xəzər regionunda ilk belə müəssisə olacaq. Burada indiyədək oxşar layihələr həyata keçirilməyib. “Yaşıl hidrogen" məsələsinə isə 2027-ci ildə baxılacaq”, - deyə K.Runtev bildirib.
Onun sözlərinə görə, şirkət çoxsaylı tədarükçüləri nəzərdən keçirib:
“Mənim böyük məlumat bazam var. Çin şirkətləri ilə işləmişəm, amma indi bazar xeyli irəliləyib. Son elektroliz qurğusunu biz hələ 2014-cü ildə sifariş etmişdik, yəni 10 il əvvəl. Bu gün təkliflər daha yaxşıdır – həm Çindən, həm də Avropadan (Norveç və İsveçdən). Ən optimal variantı axtarırıq. Özəl şirkət olaraq təsisçilərlə birlikdə bizim üçün ən sərfəli qərarı qəbul edirik”.
Baş direktor vurğulayıb ki, şirkət ilk dəfə olaraq Avropa sisteminin bir hissəsinə çevriləcək və bu sistem COP29-da qəbul olunan qərarları – dairəvi iqtisadiyyat, tullantıların emalı və davamlı inkişaf sahəsindəki yanaşmaları özündə birləşdirir:
“Şirkət üçün əsas məsələ də budur. “Yaşıl hidrogen" istehsalı, çox güman ki, imic xarakteri daşıyacaq və investisiya kimi qiymətləndiriləcək. Hidrogenin maya dəyəri yüksəkdir, lakin tullantıları emal etməklə şirkət bu prosesə yaşıl hidrogen"i də daxil edə biləcəyinə ümid edir”.
K.Runtev qeyd edib ki, Azərbaycanda birinci qrup baza yağları istehsal edilmir, halbuki onlara tələbat artır:
“Biz qlobal tədarükçü olmağa hədəflənmişik və potensial bazarlar kimi Türkiyə və Avropanı görürük. Məhsulun minimum 60–70 faizini ixraca yönəltməyi planlaşdırırıq. Baza yağları beynəlxalq bazarlarda kotirovka olunan birja məhsuludur”.
Daxili bazar və Azərbaycanın baza yağının ixracı
Baş direktorun sözlərinə görə, Azərbaycanın ildə 150 min tondan çox baza yağına ehtiyacını nəzərə alaraq müəssisə bütün daxili bazarı təmin etməyi və yerli istehsalçılara daha yaxşı şərtlər təklif etməyi qarşısına məqsəd qoyur. Baza yağları olmadan nə sənaye, nə avtomobil, nə də texniki yağların istehsalı mümkündür. Zavod hazırda diqqətdən kənarda qalan və ətraf mühitə zərər vuran tullantılardan Azərbaycanda məhsul istehsal edəcək.
K.Runtev həmçinin bildirib ki, şirkət Avropa İttifaqını prioritet ixrac bazarı kimi görür: məhz ora baza yağı qlobal treyder şəbəkələri vasitəsilə daxil olur və gələcəkdə ixrac Yaxın Şərqə, o cümlədən yüksək tələbatın müşahidə olunduğu ərəb ölkələrinə də genişlənə bilər.
Strateji inkişaf və Azərbaycanda yeni istehsal istiqamətləri
“Layihənin Mərkəzi Asiyada genişləndirilməsi ilə bağlı danışıqlar davam edir, lakin proses mərhələli şəkildə gedir. Şirkət üçün önəmli olan sürət yox, nəticədir. Əsas meyar düzgün tərəfdaş tapmaqdır: mütləq deyil ki, ən varlı və ya nüfuzlu olsun, işin mürəkkəbliyini, o cümlədən xammalın toplanması, istehsalın idarə olunması və məhsulun reallaşdırılmasını başa düşən tərəfdaş olmalıdır. Şirkət qısamüddətli deyil, uzunmüddətli əməkdaşlığa hazır olan tərəfdaş axtarır, investisiyanın iki günə qaytarılmasını tələb edən yox. Bu mərhələdə konkret ölkələrin adları açıqlanmır.
Mövcud layihə başa çatdıqdan sonra şirkət ikinci qrup baza yağının istehsalına başlamağı və istehsal həcmini artırmağı planlaşdırır. Hər şey ilk istehsal xəttinin uğurlu reallaşmasından asılı olacaq. Tələbat artacağı halda bazar şirkəti birinci qrup baza yağı istehsalını ikiqat artırmağa sövq edə bilər”, – deyə o yekunlaşdırıb.