Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir H.Vəliyev/
Azərbaycan б oktyabrda Keyptaunda (CAR) keçiriləcək innovativ müəllimlərin ümumdünya müsabiqəsində təmsil olunacaq. Bu barədə Microsoft Azerbaijan-ın məlumatında bildirilir.
Müsabiqədə iştirak hüququ martın 23-dən 25-dək Berlində keçirilən "European Innovative Education Forum" (EIEF) təhsil forumunda əldə olunub.
İllik EIEF forumu Microsoft-un "Təhsildə tərəfdaşlıq" qeyri-kommersiya təşəbbüslərinin tərkib hissəsidir. Əsas məqsəd təhsildə informasiya texnologiyalarının tətbiqi hesabına müəllim və şagirdlərin öz potensiallarını həyata keçirməsinə yardım göstərməkdir.
Bu günədək Microsoft tərəfdən Mərkəzi və Şərqi Avropada "Təhsildə tərəfdaşlıq" qlobal təşəbbüsləri çərçivəsində 27 memorandum imzalanıb. Azərbaycanda Microsoft-un təşəbbüsü üzrə memorandum ötən ilin dekabrında Təhsil Nazirliyi ilə imzalanıb.
EIEF forumu yeddi dəfə keçirilib və ənənəvi olaraq Avropa və MDB ölkələrindən müəllimləri, həmçinin, təhsil müəssisələrində tətbiqlə məşğul olan İT-mütəxəssislərini toplayıb.
Avropa və MDB-nin 41 ölkəsindən 250 müəllim, məktəb direktoru və inzibati müəssisənin nümayəndələri gələcək təhsil, islahatlar prosesində uğurlar, həmçinin, təhsildə İKT-dən istifadə olunmasını müzakirə etmək üçün görüşüblər.
Forumun əsas iştirakçıları öz işlərində informasiya-kommunikasiya texnologiyalarından fəal istifadə edən müəllimlər, novator müəllimlərin regional müsabiqələrinin mükafatçılarıdır. Azərbaycanı forumda 8 saylı orta məktəbin pedaqoqu, Microsoft-un Təhsil Nazirliyi ilə birgə keçirdiy innovativ müəllimlər müsabiqəsinin Azərbaycan mərhələsinin qalibi İlhamə Əkbərova təmsil edib. O, "Məzmunda innovasiya" nominasiyasında "Ətrafımızdakı çoxbucaqlılar" layihəsi ilə Azərbaycanı təmsil edərək, 20 ən yaxşı müəllim sırasına daxil olub.
Əkbərova oktyabrda Keyptaunda keçiriləcək ümumdünya innovativ müəllimlər müsabiqəsində iştirak hüququ qazanıb.
Təhsil sahəsində 26 mütəxəssisdən ibarət münsiflər heyəti tərəfindən seçilən qaliblər təhsildə müasir texnologiyaların tətbiqindəki roluna görə diplomlarla təltif olunublar.
Həmçinin, EIEF çərçivəsində dünyanın aparıcı ekspertləri bilik və informasiya ilə bağlı yeni iş texnologiyalarını nümayiş etdiriblər. Müəllimlər və təhsil müəssisələrinin rəhbərləri üçün təhsilin transformasiyası sahəsində dünyanın aparıcı ekspertləri usta dərsləri keçiblər.