Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/
Avstriya - Azərbaycan Ticarət Palatası Azərbaycan ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bunu Ticarət Palatasının sədri Alon Şklarek rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə deyib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında bildirilir.
Avstriya Azərbaycan ilə İKT sahəsində əlaqələrin inkişafında maraqlıdır. Şklarekin sözlərinə görə, investisiya qoyuluşları və iki ölkə bazarında lokal İT şirkətlərinin ekspansiyası üzrə təkliflərin hazırlanması məqsədəuyğun olardı.
Nazirliyin rəhbəri "Şərq-Qərb" Supernformasiya Magistralının qurulması layihəsini Avstriya nümayəndə heyətinin diqqətinə çatdırıb. Layihə ümumilikdə 20 ölkəni birləşdirməyə və regionun inkişafında lokomotiv rolunu oynamağa yönəlib. Nazir Azərbaycanın bu sahədə Avstriya ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Abbasov, həmçinin, Avstriya nümayəndə heyətini və Avstriya şirkətlərini Azərbaycanın "BakuTel" beynəlxalq "Telekommunikasiyalar və informasiya texnologiyaları" sərgisində iştiraka dəvət edib.
Xəbər verildiyi kimi, Avstriya şirkətləri ötən il keçirilən "BakuTel" sərgisində təmsil olunublar. Sərgi çərçivəsində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin rabitə nazirlərinin görüşü keçirilib. Avstriya təşkilatda müşahidəçi statusuna malikdir.