...

Azərbaycanın "Azerspace" peykinin raket daşıyıcısı ilə müqavilənin yaxın iki ayda imzalanacağı gözlənilir – Əli Abbasov

Telekommunikasiya Materials 4 Avqust 2010 13:08 (UTC +04:00)
"Azerspace" ilk milli telekommunikasiya peykinin raket daşıyıcısı ilə müqavilənin oktyabrın əvvəllərində imzalanacağı gözlənilir. Bu barədə çərşənbə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiyasında bildirib.
Azərbaycanın "Azerspace" peykinin raket daşıyıcısı ilə müqavilənin yaxın iki ayda imzalanacağı gözlənilir – Əli Abbasov

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir H.Vəliyev/

"Azerspace" ilk milli telekommunikasiya peykinin raket daşıyıcısı ilə müqavilənin oktyabrın əvvəllərində imzalanacağı gözlənilir. Bu barədə çərşənbə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiyasında bildirib.

Nazirin sözlərinə görə, layihə üzrə işlər müəyyən edilmiş proqrama əsasən həyata keçirilir. Gələcəkdə kadrların hazırlanmasının, yerüstü idarəetmə stansiyalarının tikintisi, marketinq tədbirləri və s. aparılması nəzərdə tutulub.

Bu günədək idarə tərəfindən orbital mövqenin icarəyə götürülməsi və peykin özünün istehsalı üçün artıq müqavilələr imzalanıb. Amerikanın "Orbital Sciences Corporation" şirkəti "Azerspace" peykinin istehsalçısı kimi çıxış edir, peykin yerləşdiriləcəyi mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülb.

"Azerspace" telekommunilkasiya peyki rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, İnternet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin və eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub.

"Azerspace" peyki C diapazonlu 24 transponderlə (tezlik zolağı 4-6 ghz) və Ku diapazonlu 12 transponderlə (tezlik zolağı 11-13 ghz) təchiz olunacaq. Peyk 46 dərəcə şərq uzunluğu dairəsində yerləşəcək. Peykin orbitdə istismar müddəti 20 ilə qədər təşkil edəcək.

"Azerspace"in xidmət zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq.

Bu günə ölkənin peyk sistemlərindən istifadə həcmi 120 mbit/s təşkil edir; bu həcmin əhəmiyyətli hissəsindən VSAT (Very Small Aperture Terminal) sistemində, yerdə qalanı isə tele və radiokanalların ehtiyacları üçün istifadə olunur.

Beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi yayımlanan tele və radiokanalların tərkib hissəsi olan peyk kanalları vasitəsilə həyata keçirilir.

"Azerspace" milli peykinin buraxılış layihəsinin həyata keçirilməsi telekommunikasiya və rabitənin kosmik sistemləri sahəsində yeni texnologiyaların tətbiqinə, informasiya müstəqilliyini təmin etməyə və vahid informasiya məkanını formalaşdırmağa imkan verəcək.

Bu gün ölkə rabitə və teleyayım üçün xarici peyklərin transponderlərindən icarəyə görə hər il milyonlarla dollar vəsait sərf edir. Beynəlxalq təcrübəyə görə, altı-səkkiz transponderin icarəsi ildə, təxminən, 9-10 milyon dollara başa gəlir.

Milli peykin buraxılışı bu problemi həll etməyə imkan verəcək. Yaradılmasına 319 milyon dollar vəsait sərf olunması planlaşdırılan peykin (bunun 127 milyon manatı peykin istismar xərcləridir) öz xərcini 6 ilə çıxaracağı nəzərdə tutulub.

"Azerspace" milli telekommunikasiya peykinin buraxılışından əldə edilən gəlirlər 495, mənfəət 176 milyon manat təşkil edəcək.

Əldə olunan gəlir ölkənin texniki inkişafına sərf ediləcək.

Bundan əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dediyi kimi, "Azerspace" peykinin buraxılışı 2012-ci ilin iyul-avqust aylarında gözlənilir. Bundan sonra növbəti peykin, gələcəkdə isə bir neçə peykin layihəsinin reallaşdırılması planlaşdırılır.

Kosmik sənayenin inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq, nazirliyin planlarına DVB-S (Digital Video Broadcasting - Satellite) standartının inkişafı üçün peyk stansiyasının genişləndirilməsi daxildir. Bu standart geniş məkanın istənilən nöqtəsində televiziya siqnallarının tez, etibarlı və qənaətli üsullarla yüksək keyfiyyətlə ötürülməsini təmin edir.

Xəbər lenti

Xəbər lenti