Azərbaycan, Bakı, 3 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Microsoft" korporasiyasının qlobal təşəbbüsü olan "Microsoft Innovation Day" (Microsoft İnnovasiyalar Günü) çərçivəsində elektron rəqəmli imzaların platformasının təqdimatını keçirib.
Trend-in məlumatına görə, layihə elektron imza və elekton sənəd barədə qanuna əsasən "Ultra", "Azərin" və "Microsoft"un yerli nümayəndəliyindən ibarət konsorsium tərəfindən həyata keçirilir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, mərkəzin infrastrukturu "Microsoft"un həllər bazasında qurulub.
Rəqəmli imzadan istifadə etmək üçün istifdəçi rəqəmli imzaların verilməsi mərkəzinə şəxsiyyət vəsiqəsini, onu almaq üçün ərizə və rüsumun ödənilməsini təsdiqləyən qəbz təqdim etməlidir. Ərizə verən mərkəzin razılığını aldıqdan sonra ənənəvi poçt rabitəsi vasitəsilə müvafiq xəbərdarlıq alacaq.
İstifadəçi rəqəmli imzadan istifadə etmək üçün kart-riderə və internet-resurs vasitəsilə e-imza.az səhifəsini yükləmək üçün xüsusi proqram təminatına malik olmalıdır. Elə həmin səhifədə elektron xidmətlərin bütün mövcud növləri ilə tanış olmaq mümkündür.
Rəqəmli imzaların əsas üstünlüyü işgüzar münasibət və əlaqələrin elektron formata tam keçidindən ibarətdir. Azərbaycanda rəqəmli imzaların verilməsi infrastrukturu istismara tam hazırdır.
Azərbaycanda rəqəmsal imzaların verilməsi üzrə üç mərkəz fəaliyyət göstərəcək ki, onlardan ikisi dövlət və özəl strukturların xidmətlərini yerinə yetirəcək, biri isə baş mərkəz olacaq.
Elektron imza xüsusi proqram təminatlı əsas sənədin yaranması hesabına əldə olunan rəmzlərin müəyyən ardıcıllığını özündə ehtiva edir. Göndərilmə zamanı əsas sənədə rəqəmli imza əlavə olunur ki, bunun da nəticəsində müəlliflik və sənəddəki məlumatın dəyişməzliyi öz təsdiqini tapır. Əsas sənədə istənilən dəyişiklik etməklə elektron imza öz qüvvəsini itirir.
Rəqəmli imzanın əldə olunması təşkilatın internet şəbəkəsi vasitəsilə mübadilə etdiyi sənədin müəllifliyi və məzmunu ilə bağlı əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əllə imzalanmış sənədlə bərabər tutulur.