...

Azərbaycanın Europe Persia Express Gateway kabel magistralına qoşulacağı vaxt müəyyənləşib

Telekommunikasiya Materials 23 İyun 2011 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın iyulun ortalarında optik-lif kabeli seqmentinin Europe Persia Express Gateway (EPEG) kabel magistalının yaradılması layihəsinə qoşulması gözlənilir. Bu barədə cümə axşamı Trend-ə "Delta Telecom" şirkətinin baş direktoru Ramazan Vəliyev deyib.

Vəliyevin sözlərinə görə, sənədin imzalanması layihəyə cəlb edilən bütün tərəflərin iştirakı ilə Bakıda keçiriləcək.

"Hazırda texniki detalların müzakirəsi aparılır. Müzakirələr ilkin olaraq iyulun 15-nə başa çatmalıdır", - Vəliyev bildirib.

EPEG layihəsi martın əvvəlində Asiya və Avropa arasında trafikin tranziti üzrə konsorsiumun yaradılmasına dair imzalanan dördtərəfli saziş əsasında həyata keçirilir. EPEG kabel magistralının yaradılması üzrə konsorsiuma İranın TIC (Telecommunication Infrastructure Company), Omanın "Omantel", Rusiyanın "Rostelekom" və C&W (Cable&Wireless) Beynəlxalq Şirkəti daxildir.

EPEG kabel marşrutu başlanğıcını Omandan götürür və Frankfurtadək çəkiləcək. Gözlənildiyinə görə, kabel operatorları EPEG-in yaradılmasında iştirak etməyən 3 ölkənin ərazisindən də keçməlidir. Söhbət Azərbaycan, Polşa və Ukraynadan gedir.

Bu marşrutlar 3 dövlətdən hər birində icarəyə götürülən qurğularda təşkil ediləcək.

Avropanı Ukrayna ilə Rusiya sərhədindək birləşdirən kabelin çəkilməsi ilə C&W şirkəti, magistral xəttin Rusiya-Ukrayna sərhədindən Azərbaycanadək və Azərbaycandan İranadək tikilməsi ilə "Rostelekom" məşğul olacaq. İrandan Fars Körfəzinədək olan xəttə görə TIC şirkəti, xəttin Omanadək çatdırılmasına görə, "Omantel" məsul olacaq.

EPEG kabel magistralının buraxılış qabiliyyəti 3,2 Tbit/s təşkil edəcək. Onun uzunluğu isə 6 min kilometrə çatacaq. Layihənin ilkin dəyəri təxminən 200 milyon dollar məbləğində qiymətləndirilir. Kabel magistralının 2012-ci ilin mayında işə salınması gözlənilir.

Xəbər lenti

Xəbər lenti