...

Azercell-ə nüfuzlu "Stevie" mükafatı təqdim edilib

Telekommunikasiya Materials 27 Oktyabr 2011 11:19 (UTC +04:00)
“Azercell Telekom” MMC-nin uğurları sırasına daha biri əlavə olunub. Şirkət bu dəfə nüfuzlu Beynəlxalq Biznes Mükafatı (İnternational Business Awards - Stevie) qaliblərinin sırasında yer alıb.
Azercell-ə nüfuzlu "Stevie" mükafatı təqdim edilib

Azərbaycan, Bakı, 27 oktyabr / Trend /

"Azercell Telekom" MMC-nin uğurları sırasına daha biri əlavə olunub. Şirkət bu dəfə nüfuzlu Beynəlxalq Biznes Mükafatı (İnternational Business Awards - Stevie) qaliblərinin sırasında yer alıb. "İnternational Business Awards 2011" müsabiqəsinin qaliblərini seçmək üçün münsiflər iki aydan çox davam edən xüsusi araşdırma aparıblar və nəhayət dünya biznes aləmində təlatüm yaradan bu müsabiqənin nəticələrini açıqlayıblar.

Münsiflərin qərarı ilə Azərbaycanın lider mobil operatoru Azercell Telekom "İlin Ünsiyyət və PR-kampaniyası: Icmalar ilə Əlaqələr" nominasiyası üzrə "Beynəlxalq Biznes Mükafatı"nı qazanıb. Şirkətə mükafat bu il oktyabrın 11-də Abu-Dabi-də keçirilən mərasimdə təqdim olunub. Qaliblərə 16 sm hündürlüyündə qızıldan hazırlanmış heykəlcik təqdim edilib. Bundan əlavə, mükafatçılar müvafiq sertifikat və medalla da təltif olunublar. Onu da qeyd edək ki, Azercell "Mobil Diş Klinikası" və "Uşaq Qaynar Xətti" korporativ sosial məsuliyyət layihələri və Şah Dağda yerləşdirdiyi külək və günəş enerjisi ilə işləyən stansiyası sayəsində sözügedən mükafata layiq görülüb.

Məlumat üçün bildirək ki, "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.

Təsis olunduğu qısa müddət ərzində "Stevie" dünya işgüzar aləmində ən mötəbər mükafatlardan birinə çevrilib. İlk dəfə 2002-ci ildə "American Business Awards" mükafatının təqdimatı keçirilib. 2003-cü ildə isə "International Business Awards" təqdim edilib. Növbəti illərdə uğurlu qadın biznesmenlərə, daha sonra müştəri xidmətləri ilə fərqlənən qurumlara "Stevie" mükafatı təqdim edilib.

Azercell Telekom MMC-nin məhz Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində qalib çıxması gözlənilən idi. Çünki, fəaliyyətdə olduğu müddətdə şirkətin bu sahədə gördüyü işlərin sayı-hesabı yoxdur. Azercell hər il sosial layihələrə milyonlarla vəsait ayırır, indiyə qədər bu məbləğin miqdarı 14,7 milyon dolları ötüb keçib.

Xəbər lenti

Xəbər lenti