Azərbaycan, Bakı, 23 noyabr /Trend/
"AtaHoldinq" ASC şirkətlər qrupuna daxil olan "AtaTexnologiya" MMC və Sloveniyanın "Adacta" şirkəti arasında informasiya texnologiyaları sahəsində birgə əməkdaşlıq haqqında müqavilənin imzalanmasına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə "AtaTexnologiya"nın direktoru Mais Yusifov və "Adacta" şirkətinin baş meneceri Tomas Volk iştirak ediblər.
ASC-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə şirkət rəhbərləri tərəfindən müqavilə imzalanıb. Müqavilədə ilkin mərhələdə sığorta sahəsində biznes proseslərinin avtomatlaşdırılması üzrə xüsusi proqram təminatının birgə işlənib hazırlanması və tətbiqi nəzərdə tutulur. Daha sonra isə yerli və regional bazarların tələblərinə əsasən, birgə yeni məhsulların hazırlanması və tətbiqi planlaşdırılır.
Ölkəmizdə İT sahəsinin inkişafına xüsusi onəm verilir və gələcəkdə bu sahədən əldə ediləcək gəlirlərin digər sahələrdən əldə edilən gəlirləri üstələyəcəyi proqnozlaşdırılır. Bu baxımdan hazırda İT sahəsinin, xüsusilə də yerli İT şirkətlərinin inkişafına, bu sahədə xarici təcrübənin və yeni bazarların öyrənilməsinə böyük ehtiyac duyulur.
"Adacta" şirkəti 1989-cu ildə Lyublyana şəhərində fəaliyyətə başlayıb. Şirkət biznes-konsaltinq, həyat və əmlak sığortası və digər sahələrdə tətbiq edilə biləcək Microsoft Dynamics NAV, Microsoft Dynamics AX, Microsoft Dynamics CRM kimi proqram təminatlarını və onların texniki dəstəyini təklif edir. "Adacta" şirkəti qabaqcıl ticarət və istehsal şirkətləri, firmaları, dövlət idarələri, sığorta şirkətləri, banklar, investisiya və maliyyə xidmətləri göstərən şirkətlərlə əməkdaşlıq edir. Hazırda şirkətin Sloveniya, Serbiya, Xorvatiya və İtaliyada filialları fəaliyyət göstərir.
2005-ci ildən etibarən fəaliyyətə başlamış "AtaTexnologiya" MMC informasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərir. Şirkət bank, sığorta, lizinq, turizm, ticarət və s. kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə xüsusi proqram təminatı məhsullarının və çeşidli İT həllərin tətbiqini həyata keçirir.