Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin mobil rabitə operatorlarına qarşı mobil telefonların IMEI-kodlarının qeydiyyatının aparılması sisteminin tətbiqi üçün infrastrukturların hazırlanması məsələsi üzrə texniki tələb və müddət irəli sürüb. Bu barədə bazar ertəsi Trend-ə "Rcom" şirkətinin baş direktoru Seymur Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, operatorlar texniki cəhətdən öz şəbəkələrində qeydiyyatın aparılması sisteminin işə salınmasına yaxın 4 ayda hazır olacaqlar ki, bu da sistemin ilin ortalarında istismara veriləcəyini deməyə imkan verir.
Hazırda layihə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində koordinasiya edilir.
Dekabrın sonunda Azərbaycan Nazirlər Kabineti "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"ni təsdiq edib.
Bu sərəncam ümumi istifadə şəbəkəsindəki mobil operatorlar sistemində istifadə edilən mobil telefon və digər son cihazların qeydiyyatını nəzərdə tutur.
Yeni sistem həm oğurluq, həm də ölkəyə qeyri-leqal telefon ixracı ilə daha səmərəli mübarizə aparmağa imkan verəcək.
Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydaya əsasən, şəxsi istifadə üçün ölkəyə gətirilən cihaz 30 gün ərzində IMEI-kodların məlumat bazasında qeydiyyata alınmalıdır.
Operatorlar tərəfindən təqdim edilən qeydiyyata alınmış cihazlar haqqında məlumat "ağ səhifə"yə daxil ediləcək.
Sistemin işə salınmasından sonra ölkəyə gətirilən bütün cihazlar müəyyən edilmiş qaydalara əsasən qeydiyyatdan keçməlidir.
Azərbaycanda IMEI-kodların qeydiyyatı sistemi üç kateqoriyadan ibarət olacaq. Bura istifadəçi avadanlıqları daxil ediləcək. Bu, "ağ səhifə", "qara səhifə" və "boz səhifə"dir.
"Ağ səhifə"yə GSM Assosiasiyasının məlumat bazasında rəsmi qeydiyyatdan keçmiş mobil cihazların identifikasiya nömrələri, "qara səhifə"yə bu Qaydaya uyğun qeydiyyata alınmamış, o cümlədən qeyri-qanuni yolla ölkəyə gətirilən, itirilən, oğurlanan, GSM Assosiasiyasının məlumat bazasında qeydiyyatdan keçməyən cihazlar daxil ediləcək. Operatorların şəbəkələrində bu cihazların işi məhdudlaşdırılacaq.
"Boz səhifə"yə mobil operatorların şəbəkəsində işləyən, "ağ səhifə" və "qara səhifə"də olmayan mobil cihazların identifikasiya nömrələri daxil ediləcək. Bu cihazlar onlardan istifadənin qanuniliyi müəyyən edildikdən sonra "ağ" və "qara" səhifələrə daxil ediləcək.