Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir H.Vəliyev/
"Intel" korporasiyasının beynəlxalq "Skoool" layihəsi çərçivəsində Azərbaycan məktəblərində elektron dərslərdən istifadə ediləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Təhsil Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində ölkəmizdə reallaşdırılacaq "Skoool" layihəsi Intel-in qlobal təşəbbüsü olaraq riyaziyyat, biologiya, fizika, kimya və ibtidai sinif fənləri üzrə 400 elektron dərsi özündə birləşdirir. Müxtəlif ölkələrdə tətbiq olunan bu layihənın istifadəsi üçün dərslər tərcümə və adaptasiya edilir.
Azərbaycanda "Skoool" layihəsinin elektron dərslərinin lokallaşdırılması "Edumedia" təşkilatı tərəfindən həyata keçiriləcək. Edumedia təşkilatı tərəfindən Azərbaycan təhsil sisteminin müvafiq fənləri üzrə təcrübəli müəllimləri cəlb edilərək elektron dərslər adaptasiya olunacaq. Azərbaycan dilinə tərcümə edilmiş bütün dərslər www.skoool.az resursunda azad istifadədə olacaq.
Layihənin Azərbaycanda tam tətbiqi bu ilin may ayına planlaşdırılıb.