...

"Ailə TV" və "Ailə NET" abonentləri elektron köşklər vasitəsilə ödəniş edə bilərlər

Telekommunikasiya Materials 16 Mart 2012 16:50 (UTC +04:00)
Mart ayının 16-dan etibarən "Ailə TV" kabel televiziyası operatoru və "Ailə NET" internet-provayderinin abunəçiləri aylıq abunə haqlarını Bakı şəhərinin müxtəlif hissələrində yerləşən elektron ödəmə köşklərində və Pay Point ödəmə məntəqələrində həyata keçirə bilərlər.
"Ailə TV" və "Ailə NET" abonentləri elektron köşklər vasitəsilə ödəniş edə bilərlər

Azərbaycan, Bakı, 16 mart /Trend/

Mart ayının 16-dan etibarən "Ailə TV" kabel televiziyası operatoru və "Ailə NET" internet-provayderinin abunəçiləri aylıq abunə haqlarını Bakı şəhərinin müxtəlif hissələrində yerləşən elektron ödəmə köşklərində və Pay Point ödəmə məntəqələrində həyata keçirə bilərlər. Trend-in məlumatına görə, bu barədə Ailə TV-nin cümə günü yaydığı məlumatda deyilir.

Bu prosesin həyata keçirilməsi üçün "Ailə TV" şəbəkəsi ilə "Pay Point" şirkəti arasında müvafiq razılaşma əldə edilib, lazımi texniki işlər görülüb. Ödənişlər Bakı şəhərində quraşdırılmış 400 ədəd ödəmə terminalında və 1000 ədəd ödəmə məntəqəsində həyata keçirilə bilər.

Ödəniş etmək üçün abonent Pay Point köşkünün ekranında müvafiq olaraq "İnternet" və ya "Kabel TV" adlanan bölmələri seçməli, daha sonra açılan siyahıdan "Ailə NET" və ya "Ailə TV" bölmələrinə daxil olmalıdır. Bundan sonra, abonentin unikal nömrəsini daxil edərək, lazım olan qədər nağd vəsait daxil etməlidir. Ödəniş uğurla həyata keçirildikdə, bir neçə saniyə sonra ödənişin həyata keçirilməsi üçün çek çap olunacaq.

Ailə TV-nin müştəri xidmətlərinə (920 nömrəsinə) zəng vurmaqla abonentin unikal nömrəsini əldə etmək mümkündür. Bunun üçün abonent Ailə TV-nin müştəri xidmətlərinə zəng edərək öz ünvanını bildirməlidir.

Qeyd edək ki, bu sistemin tətbiq olunması ödənişlərin həyata keçirilməsini asanlaşdıracaq. Bundan sonra abonent ödəniş etmək üçün inkassatorun mənzilə gəlməsini gözləməli olmayacaq.

"Ailə TV" kabel televiziyası ən son texnologiyalara əsaslanan fiber-optik şəbəkə vasitəsilə kabel televiziyası yayımını həyata keçirir. Azərbaycanda ilk dəfə olaraq, məhz "Ailə TV" HD (High Definition) televiziya yayımını təşkil edib.

Ailə TV şəbəkəsinin digər qolu olan "Ailə NET" internet-provayderi 2010-cu ildən etibarən Bakı şəhərinin Nizami və Xətai rayonlarında 100-ə yaxın binaya genişzolaqlı fiber-optik internet xidməti göstərməyə başlayıb. Hazırda Ailə NET-in əhatə dairəsi sürətlə genişləndirilir. 2014-cü ilə qədər bütün Bakı ərazisinin genişzolaqlı fiber-optik internetlə təmin olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti