Azərbaycan, Bakı, 24 may / Trend, müxbir H.Vəliyev /
Azərbaycanın mobil operatoru "Azercell Telekom" MMC Bakıda 4G (LTE - Long Term Evolution) şəbəkəsini işə salır.
Şirkətin rəhbəri Əli Ağanın sözlərinə görə, bu xidmətlərin Bakıda məhz "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi zamanı istifadəyə verilməsi əlamətdardır.
Dördüncü nəsil şəbəkəsi hələlik yalnız Bakının ərazisini əhatə edir. 4G rabitəsinin təmin edəcək ayrıca Hot-Spot stansiyaları Milli Dənizkənarı Parkın ərazisində fəaliyyət göstərəcək. Söhbət məlumatların ötürülməsi xidmətlərindən gedir. Eləcə də istifadəçilərə LTE standartını dəstəkləyən DATA-kartlar da təklif olunur.
LTE (Long Term Evolution) texnologiyası dördüncü nəsil baza texnologiyası seçilib. Bu texnologiya 4G ailəsinə mobil şəbəkədə məlumatları 100 Mbit/saniyədən yuxarı sürətlə mobil abonentə, 1 Gbit/saniyə ilə stasionar abonentə çatdırılmasına imkan verir ki, bu da 3G şəbəkəsində on dəfələrlə çoxdur.
Dördüncü nəsil şəbəkəsinin üstünlüyü internetin sürətli olması, iri həcmli kontentin mübadiləsi, HD kontentə baxış imkanlarının olmasındadır.
4G standartını dəstəkləyən USB modeminin dəyəri 149 manat təşkil edir.
Limitsiz internetdən istifadəyə görə aylıq abunə ödənişi 45 manatdır. Birinci ay ödənişsizdir.
Hazırda LTE-yə çıxış nöqtələri əsasən Bakı şəhərindədir. İlin sonunadək onların sayı iki dəfə artırılacaq.