...

Qarabağın cənub rayonları TAE optik magistralına qoşulacaq

Telekommunikasiya Materials 18 Sentyabr 2012 18:26 (UTC +04:00)
Qarabağın cənub rayonları Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralına qoşulacaq.
Qarabağın cənub rayonları TAE optik magistralına qoşulacaq

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir H.Vəliyev/

Qarabağın cənub rayonları Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralına qoşulacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, "Aztelekom" İstehsalat Birliyi tərəfindən cəbhəyanı zonalarda TAE xəttinin çəkilməsi üzrə reallaşdırılan işlərin əsas mərhələsi artıq başa çatıb. Füzuli rayonunun bütün kəndlərində kommunikasiya şəbəkəsi yaradılıb.

Hazırda Horadizə qədər çəkilən Şirvan-Füzuli optik kabel xətti "Böyük qayıdış" layihəsinin tərkib hissəsidir. Bu layihənin ardı kimi optik kabel xəttinin Zəngilan, Qubadlı, Cəbrayıl və Laçına qədər çəkilməsi planlaşdırılır.

Hazırda Füzuli rayonunun işğaldan azad olan ərazilərində - Horadiz qəsəbəsində 816, Bala Bəhmənli kəndində 112, Kərimbəyli kəndində 107 nömrə tutumlu EATS mövcuddur. Rayonda yeni salınan yaşayış məntəqələrinin və telefonlaşdırılmayan kəndlərdə telefon rabitəsinə olan tələbatın ödənilməsi məqsədilə CDMA simsiz rabitə şəbəkəsindən geniş istifadə olunur. CDMA rabitəsinin rayonun bütün yaşayış məntəqələrində tətbiqini həyata keçirmək məqsədilə yaxın vaxtlarda Böyük Bəhmənli kəndində yeni baza stansiyası tikiləcək.

Bundan başqa, yaxın vaxtlarda Qazaxlar, Mirzənağılı, Alıxanlı kəndlərinin tamamilə telefonlaşdırılması və optikləşdirilməsi ilə sakinlərin telefona çıxış imkanları daha da asanlaşacaq. Bu layihənin həyata keçirilməsi ilə həmin kəndlərdə yeni EATS-lər və genişzolaqlı internet xidmətlərinə çıxış təmin olunacaq.

Böyük layihənin tərkib hissəsi olaraq rayonun Mahmudlu 1, Mahmudlu 2, Mollaməhəmmədli, Babı, Arataylı və digər telefonlaşdırılmayan kəndlərində də optik kabellər çəkilməklə yeni elektron ATS-lərin tikilməsi planlaşdırılır. Horadiz, Bala Bəhmənli və Kərimbəyli kəndlərində olan mövcud stansiyaların tutumlarının isə artırılması nəzərdə tutulur.

"Aztelekom" İB tərəfindən kəndlərin yeni elektron ATS-lərlə təmin edilməsi ilə yanaşı, geniş internet şəbəkəsinin də yaradılması sakinlərin bu xidmətlərdən yetərincə faydalanmasına şərait yaradıb. Rayonun mövcud şəbəkəsinin TAE xəttinə qoşulması abunəçilərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəsinə imkanlar yaranıb.

Xəbər lenti

Xəbər lenti