Azərbaycan, Bakı, 8 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC (Nar Mobile ticarət markası) jurnalistlər üçün yeni "Nar Media" tarif planını mtəqdim edib. Bu barədə Trend-ə çərşənbə günü "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.
Onun sözlərinə görə, yeni tarif Azərbaycanda rəsmi şəkildə qeydiyyatdan keçən və fəaliyyət göstərən KİV-lərə aiddir (qəzet, jurnal, televiziya, radio və internet-nəşr).
"Nar Media" tarif paketi jurnalistlərə mobil telefon vasitəsilə həm şəbəkədaxili, həm də şəbəkəxarici zənglər zamanı sərfəli şərtlərlə danışmağa imkan verir.
"Nar Media" tarifində abonentlər arasında danışığın 1 dəqiqəsi 0,02 manat təşkil edir. Ölkə daxilində digər istiqamətlərə edilən zənglərin dəyəri isə 0,04 manatdır. Ölkə daxilində göndərilən SMS və MMS-in dəyəri 0,04 manat, 1 MB internet trafikin dəyəri isə 0,2 manatdır.
"Nar Media" tarif planına qoşulmaq üçün KİV nümayəndələri iş yerindən arayış, şəxsiyyət və jurnalist fəaliyyətini təsdiq edən vəsiqələrlə birgə müştəri xidmətlərinə müraciət etməlidirlər.