Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Milli Məclisə ünvanlanan internet şəbəkəsində şərəf və ləyaqətin təhqir edilməsinə görə məsuliyyətin tətbiqi ilə bağlı müraciəti dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, bu gün belə bir müraciət bir çox ölkələrdə var.
"İnternet şəbəkəsində insanların hüquq, şərəf və ləyaqətinin qorunması məsələsi bütün dünyada olduğu kimi, Azərbaycanda da aktualdır. Son dövrlər internet resurslarında acınacaqlı nəticələrə gətirib çıxaran şərəf və ləyaqətin təhqir olunması halları artıb", - Abbasov deyib.
Onun sözlərinə görə, bu gün internet şəbəkəsində ictimai fəaliyyətin demək olar ki bütün sahələri cəmləşib və bu, sadə infrastruktur deyil.