Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın iri yaşayış məntəqələrindən başlayaraq analoq yayım dayandırılacaq. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən (İB) deyilib.
İB-dən bildirilib ki, respublikada rəqəmsal yayım standartına tam keçid 2014-cü ildə gözlənilir. Bu barədə qərar nazirlik və Milli Televiziya və Radio Şurası səviyyəsində qəbul ediləcək.
İB-dən qeyd olunub ki, analoq yayım ilk növbədə rəqəmsal siqnal qəbulunun dayanıqlı olduğu yaşayış məntəqələrində dayandırılacaq: "Söhbət bir neçə stansiyalardan rəqəmsal siqnalla təmin edilmiş yaşayış məntəqələrindən gedir. İşlər ardıcıl olaraq genişləndiriləcək və analoq siqnalı mərhələli olaraq rəqəmsalla əvəz ediləcək. Proqnozlara əsasən, rəqəmsal yayım standartına tam keçid artıq bu il baş tutacaq".