Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir H.Vəliyev/
"Microsoft Azerbaijan" şirkəti "Microsoft"un əməliyyat sistemiləri və ofis paketlərinin növbəti versiyalarının Azərbaycan dilinə lokallaşdırılması üzrə işlərin aparılması ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Bunu cümə axşamı Trend-ə "Microsoft Azerbaijan"ın texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev deyib.
Onun sözlərinə görə, hazırda Windows 8.1 əməliyyat sistemi və Office 2013 ofis paketinin Azərbaycan dilinə lokallaşdırılması üzrə işlər yekunlaşdırılıb. Distribütiv "Microsoft"un rəsmi internet resursunda əlçatandır.
Q.Mirzəyev qeyd edib ki, əməliyyat sistemləri və ofis paketinin yeni versiyalarının lokallaşdırılması üzrə işlərə start verilib: "İşlər nazirliklə birgə həyata keçiriləcək".
Onun sözlərinə görə, Azərbaycanda "Microsoft"un proqram təminatının lisenziyalı versiyalarının satışında xeyli artım qeydə alınıb. Bu, riteyldə mütəmadi reydlərin keçirilməsi, o cümlədən "Microsoft" şirkətinin yeniliyi ilə bağlıdır. Yenilik ondan ibarətdir ki, hazırda pərakəndə satışda reallaşdırılan qabaqcadan qoyulmuş Microsoft Windows 8 versiyalarının olduğu qurğularda lisenziyaların nömrələri göstərilmir. Bununla da əməliyyat sistemləri açarlara ehtiyac olmadan avtomatik olaraq aktivləşir.
Məsləhətçi vurğulayıb ki, bazarda Windows 8 əməliyyat sisteminin populyarlığının artması qeydə alınıb: "Bu da onunla izah edilir ki, mövcud əməliyyat sistemi təhlükəsizliyi və işin sabitliyini təmin edir. Bazarda mövcud əməliyyat sistemi ilə təchiz edilmiş qurğuların peyda olması da vacib rol oynayır".
BSA təşkilatının daha əvvəl yaydığı məlumata görə, Azərbaycanda piratçılığın səviyyəsi 87 faiz təşkil edir. Bununla belə, Q. Mirzəyev hesab edir ki, Azərbaycanda softver bazarının leqallaşdırılması üzrə aparılan işlər bu sahədə göstəricilərin yaxşılaşmasına və piratçılığın səviyyəsinin azalmasına təsirsiz ötüşməyəcək.