Azərbaycan, Bakı, 10 aprel /Trend/
Ailə TV Kabel Televiziyası şəbəkəsində yeni yayım stansiyasının işə salınması və TV kanalların artırılması məqsədilə aparılan profilaktika və yenidənqurma işləri ilə əlaqədar analoq və rəqəmsal rejimdə 8 aprel saat 01:00-dan dayandırılmış yayım həmin gün axşam saatlarından qismən bərpa olunub.
"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq analoq rejimdə əksər TV kanallar, rəqəmsal rejimdə isə 70-80 kanalın yayımı bərpa olunub.
Avadanlıqların yenilənməsi zamanı baş vermiş müəyyən fors-major hallar səbəbindən bəzi TV kanalların yayımında dayanmalar var. Hazırda yayımın tam bərpa olunması üzərində həm yerli, həm də əcnəbi mütəxəssislər çalışır və TV kanalların yayımı tədricən bərpa olunur. Abunəçilərdən xahiş olunur ki, rəqəmsal qəbuledicilərində ilkin ayarları qaytarıb, vaxtaşırı avtoaxtarış etsinlər.
Aparılan texniki sazlama işləri tam bitdikdən sonra Ailə TV rəqəmsal abunəçiləri ilkin olaraq 170-dən çox yüksək keyfiyyətli (orijinal keyfiyyətdə) TV kanal, əlavə 15 full HD və 4 yeni Ailə TV Kinozal kanalı izləmək imkanı əldə edəcəklər. Əlavə olaraq Ailə TV analoq rejimdə də yayımın keyfiyyəti ikiqat yüksəldiləcək.
Həmçinin abunəçilərimizin məmnunluğu üçün görülən bütün texniki yenilənmə və profilaktika işlərinin nəzərdə tutulduğu müddətdən artıq çəkməsini və bunun nəticəsində haqlı narazılıqları nəzərə alaraq, sistem tam işə düşdükdən sonra Ailə TV abunəçilərinə kompensasiya və bonuslar təqdim olunacaq. Əlavə olaraq Ailə TV rəqəmsal abunəçiləri Ailə+, Sport, Kino və Xarici paketlərini 2 ay müddətində tamamilə pulsuz izləyəcəklər.
Ailə TV Kabel Televiziyası operatoru olaraq, aparılan texniki yenilənmə və profilaktika işlərinə səbrlə yanaşan abunəçilərimizdən müvəqqəti narahatlığa görə üzr istəyir və bütün bu işləri maksimum qısa zamanda başa çatdırıb ən yüksək keyfiyyətli xidmətin təmin olunması istiqamətində səylə çalışır.