Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
"Aztelekom" MMC SIP-telefoniya xidmətinin işə salınmasına hazırlaşır. Xidmət internet şəbəkəsi üzərindən səsli rabitə xidmətinin göstərilməsinə imkan verəcək. Bu barədə Trend-ə MMC-dən məlumat verilib.
Mobil cihazına (smartfon, planşet kompyuter) xüsusi "AztelPhone" proqramını yükləyən istənilən abunəçi bu rabitə vasitəsinə qoşula bilər. Proqram təminatını "Windows phone" və "Play Market"-dən pulsuz yükləmək mümkündür.
SIP-telefoniyanın üstünlüyü ondan ibarətdir ki, şəhər nömrəsini smartfona qoşmaq mümkün olur. Bu xidmət beynəlxalq rabitə və rouminq xərclərini azaltmağa imkan yaradır. Xidmət haqqı 20 manat təşkil edir.