...

Növbəti startap turu Sumqayıtda keçiriləcək

Telekommunikasiya Materials 19 Sentyabr 2018 18:05 (UTC +04:00)
“İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Sumqayıt şəhərində keçiriləcək.
Növbəti startap turu Sumqayıtda keçiriləcək

Bakı. Trend:

“İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Sumqayıt şəhərində keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir sentyabrın 21-də saat 08:30-dan 17:00-dək Heydər Əliyev Mərkəzində baş tutacaq.

Sumqayıt şəhərində keçiriləcək startap turuna ətraf rayonlardan olan iştirakçılar da qatıla bilər.

İştirak etmək üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçmək zəruridir.

Startap turu çərçivəsində informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaq. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq.

İkinci hissənin sonunda münsiflər Sumqayıt üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.

Turlar Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilir.

Layihənin tərəfdaşı “Azercell” şirkətidir.

Məlumat üçün bildirək ki, startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti