...

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində “Açıq Məlumatlar Portalı”nın təqdimatı keçirilib (FOTO)

Telekommunikasiya Materials 28 Noyabr 2022 15:52 (UTC +04:00)
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində “Açıq Məlumatlar Portalı”nın təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Portalın yenilənmiş versiyasında bir neçə dövlət qurumunun 20 kateqoriya və 500-dən çox xidmətlə bağlı açıq məlumatları mövcuddur.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu gün “Açıq Məlumatlar Portalı”nın yenilənmiş versiyasının ictimaiyyətə təqdimatı keçirilib. “Açıq Məlumatlar Portalı” dövlət orqanlarında və digər qurumlarda formalaşan açıq məlumatların insan və maşın tərəfindən oxunabilən və rəqəmsal formatlarda təqdim edildiyi sistemdir. Portal ölkədə olan açıq məlumatları vahid bir platformada toplayaraq onların müxtəlif formatlarda təqdim edilməsini həyata keçirir. Layihənin texniki olaraq ərsəyə gəlməsini RİNN tabeliyində fəaliyyət göstərən ‘’AzİnTelecom’’ MMC həyata keçirib.

Portalın yenilənmiş versiyası bir sıra üstünlüklərə malikdir. Yeni versiyada son texnologiyaların tətbiqi ilə daha dayanıqlı arxitekturanın qurulması, yeni dizayn ilə istifadəçi rahatlığının təmin edilməsi və məlumatların maşın tərəfindən də oxunabilən formatlarla yanaşı insan tərəfindən oxunabilən formatlarda da (JSON, XML, CSV, XLS, DOC, PDF) təqdim edilməsi təmin edilmişdir. Eyni zamanda Portalda mövcud olan kateqoriyalar zənginləşdirilmiş, yeni xidmətlərin əlavə edilməsi funksionallığı asanlaşdırılmış və istifadəçilər üçün genişləndirilmiş axtarış imkanı əlavə edilmişdir.

“Açıq Məlumatlar Portalı” dövlət qurumları və vətəndaşlar arasında olan qarşılıqlı əlaqələrin və şəffaflığın artırılmasınamüsbət töhfəsini verəcəkdir.

İnnovasiya ekosisteminin oyunçuları portaldakı məlumatlardan istifadə edərək data əsaslı yeni məhsul və xidmətlər yarada biləcək, eyni zamanda elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərən tədqiqatçılar bu Portalda öz əksini tapmış açıq dövlət məlumatları vasitəsilə təhlil və tədqiqat işlərini daha keyfiyyətli təşkil edə biləcəklər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavinin vəzifələrini müvəqqəti icra edən Rəşad Xalıqov təqdimat zamanı bildirib ki ”Açıq Məlumatlar Portalı”nın inkişafı ölkədə rəqəmsal inkişaf sahəsində atılan vacib addımlardan biridir.

Qeyd edək ki, Portalın təqdimatında dövlət qurumları və özəl sektor nümayəndələri ilə yanaşı startap ekosisteminin fəal təmsilçiləri də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti