...

Rabitə Nazirliyi qonşu teleradio kanallarının Azərbaycanın televiziya məkanına müdaxiləsi ilə bağlı monitorinq keçirəcək

Telekommunikasiya Materials 20 Fevral 2006 17:01 (UTC +04:00)

Xarici kanalların Azərbaycanın televiziya məkanına müdaxiləsinin qarşısını danışıqlar yolu ilə almaq olar. Trend bildirir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu fikirdədir.

Onun sözlərinə görə, 3 ay ərzində monitorinqin yekunlarına əsasən tövsiyələr hazırlanacaq və bu, Teleradio İB və nazirlik aparatının nümayəndələri ilə birgə dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri tərəfindən aparılacaq. Nazir hesab edir ki, qonşu ölkələrlə, xüsusilə Gürcüstan, Rusiya və İran ilə kanalların müdaxiləsi məsələsi bir daha müzakirə olunmalıdır.

Qeyd edək ki, respublika ərazisində yayımlanan teleradiokanalların xarici maneələrdən müdafiəsi məqsədilə nazirlik tərəfindən 2005-ci ildə tədbirlər keçirilib. Xüsusilə Gürcüstan, Rusiya və İran ilə görüşlər keçirilib və bu istiqamətdə protokollar imzalanıb.

Teleradio İB-nin rəhbəri İlham Əhədov qonşu teleradiokanalların Azərbaycanın efir məkanına müdaxiləsinin respublikanın relyef vəziyyətinin nəzərə alınması ilə təbii olduğunu bildirib.

"Bu problem AzTI və İTI proqramlarının yayım dairəsinin genişləndirilməsi yolu ilə müəyyən mənada həll edilib" -deyə İB rəhbəri qeyd edib.

"Azərbaycan bu məsələni texniki nöqteyi nəzərdən həll etmək iqtidarındadır, amma biz Beynəlxalq Elektron rabitəsi İttifaqının tövsiyələrinə əməl edərək danışıqlar yolunu seçirik" -deyə Ə.Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti