Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Elmi-Texniki Şuranın "Radio-televiziya və tezliklər" bölməsinin iclası olub. Trend Nazirliyə istinadən məlumat verir ki, tədbiri şuranın sədri, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov açıb və ölkədə İKT sahəsində həyata keçirilmiş əsas işlər haqqında danışıb. O həmçinin düzgün qərarların qəbul olunması və simsiz texnologiyaların xidmətlərindən səmərəli istifadə üçün normativ-hüquqi sənədlərin hazırlanmasının vacibliyini qeyd edib.
Dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin baş məsləhətçisi Qulam Abdullayevin sözlərinə görə, bu gün Beynəlxalq Elektron Rabitə Birliyi ilə Azərbaycan peyki üçün orbitin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
İclas zamanı peykin texniki parametrləri müzakirə olunub. Ən yaxşı variant kimi kiçik çəkili peykin yaradılması qəbul olunub. Texniki şərtlərin hazırlanmasını həyata keçirmək və Şuranın gələn iclaslarında bu məsələ ilə bağlı növbəti müzakirələri davam etdirməklə bağlı qərar qəbul olunub.