Azərbaycan, Bakı/ Trend / Bakıda "HP" şirkətinin məhsul və servis xidmətlərinin satışı üzrə seminar keçirilib. Tədbir "HP" şirkətinin tərəfdaşları üçün Azərbaycan ofisi tərəfindən təşkil olunub. Bu barədə şirkətin nümayəndəliyindən məlumat verilib. Seminarda çıxış edən "HP" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov "HP"nin qlobal tərəfdaşları, həmçinin şirkətin dünya və lokal səviyyədə biznes strategiyası haqqında ətraflı məlumat verib.
"HP"nin tərəfdaşlarla iş üzrə meneceri İbrahim Səidov şirkətin yeni layihələri - NR Smart portalı və Smart Learning tədris sistemi haqqında məlumat verib. Onun sözlərinə görə, NR Smart portalında şirkətin məhsul və servis xidmətlərinin satışı üçün zəruri olan və özündə marketinq alətlərini cəmləşdirən kompüter proqramları, habelə treninqlər haqqında məlumatlar və tədris materialları, "HP"nin məhsulları və rəqib şirkətlərin avadanlığı haqqında analitik materiallar da yerləşdirilib. Bu portalın resurslarından istifadə tərəfdaşlara sifarişçilərlə daha effektiv işbirliyi qurmağa və onlara ən optimal həllər təklif etməyə imkan verir.
Seminarda həmçinin Smart Learning tədris sistemi haqqında da ətraflı məlumat verilib. Bu tədris sisteminin resurslarından həm "HP"nin tərəfdaşları, həm də hər hansı bir şəxs istifadə edə bilər.
"HP"nin texniki xidmət üzrə mütəxəssisi Nəcəf Hümbətov seminar iştirakçılarına "HP Product Bulletin" və "Sales Builder" kompüter proqramları haqqında məlumat verib. Bu kompüter proqramları "HP" məhsullarının və servis xidmətlərinin satışqabağı hazırlığı üçün yardımçı alətlərdir.
Seminarda həmçinin "HP"nin Azərbaycan üzrə Nümayəndəliyi tərəfdaş-şirkətlərin fərqlənən satış üzrə menecerlərinə qiymətli hədiyyələr təqdim edib.