...

Azərbaycanda “Turizm Könüllüləri” Təşkilatı təsis edildi

Turizm Materials 5 Dekabr 2019 14:19 (UTC +04:00)
“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib.
Azərbaycanda “Turizm Könüllüləri” Təşkilatı təsis edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib.

Trend-in məlumatına görə, “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi Bakı Konqres Mərkəzində bu gün keçirilən təsis konfransında ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Könüllülük Həftəsi” çərçivində baş tutub.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri, Turizm Könüllüləri Təşkilatının həmtəsisçisi Məhəmməd Muradov deyib ki, təşkilatın məqsədi ictimai formada turistlərə yardımı təşkil etmək, bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığı təşviq etmək, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir.

Turizm Könüllüləri Təşkilatının direktoru Hüseyn Məmmədov bildirib ki, könüllülər Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlərə və təcrübə proqramlarına cəlb ediləcəklər.

Onun sözlərinə görə, müxtəlif beynəlxalq proqramlara qoşulmaq da əsas hədəflərdəndir. Əsas məqsədlər turizm sahəsi üzrə dayanıqlı şəkildə peşəkar mütəxəssislərin yetişdirilməsi, turizm könüllülərindən ibarət vahid bazanın yaradılması, onların kateqoriyalar üzrə bölünməsi və s.-dir: "Könüllülər daha çox qoruqları idarəetmə mərkəzlərində çalışacaqlar. Könüllülərin inkişaf konsepsiyası çərçivəsində müxtəlif təlimlər keçiriləcək. Çalışacayıq ki, inkişaf konsepsiyası yalnız Bakıda deyil, regionlarda da həyata keçirilsin".

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov çıxışında turizm sahəsində könüllü fəaliyyətin gənclər üçün gələcək iş imkanları və karyera ilə bağlı biliklər əldə etməkdə mühüm rol oynayacağını bildirib. O, Agentliyin ölkədə turizmin inkişafı yolunda atılan bütün addım və təşəbbüslərə daim dəstək nümayiş etdirdiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti