Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı turizm ideyaları, layihə və tədbirlərinin daha da inkişafını hədəfləyir.
Trend-in məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Mirvahid Əzimov təşkilatın turizm nazirlərinin 7-ci iclasında deyib.
"Türk Dövlətləri Təşkilatı turizmin inkişafına böyük önəm verir və bu gün Şamaxıda keçirilən görüş turizm ideyaları, layihə və tədbirlərinin inkişafında yeni səhifədir. İnanıram ki, biz razılıq əldə etdiyimiz layihələri icra edə biləcəyik", - deyə o bildirib.
M.Əzimov qeyd edib ki, Şamaxı 2023-cü il üçün türk dünyasının turizm paytaxtı elan edilib.
"Biz məhz Şamaxını ona görə seçmişik ki, bu şəhər İpək yolu üzərində başlıca şəhərlərdəndir. Şəhər Şirvanşahlar dövlətinin inzibati və iqtisadi mərkəzi olub. Şamaxı Azərbaycanın tarixi şəhərlərindən biridir. Ona görə də gələn il biz burada müxtəlif tədbirlər, festivallar keçirmək niyyətindəyik", - o deyib.
(Tərcümə: Orxan Nəbiyev)