Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu
Əfqanıstanda avqustun 20-də keçirilən seçkilərin iyunun 12-də İranda keçirilən prezident seçkiləri ilə hərtərəfli oxşarlığı oldu. Namizədlərin telekanallarda seçkiqabağı canlı debatları, prezident seçkiləri ərəfəsində planlaşdırılmış saxtakarlıqlar haqda çıxışları, xalqın fəal iştirakı və nəhayət seçkilərdən sonra prezidentliyə namizədlərin "geniş saxtakarlıq"lar haqda bəyanat yaymaları hər iki ölkədə eyni ssenari üzrə oldu, lakin Əfqanıstanda İrandan fərqli olaraq, iğtişaşlar və etbaz aksiyalarının olması gözlənilmir.
İrandan fərqli olaraq, əfqan namizədlər seçkilərin keçirilməsi ilə bağlı şikayətlərini azad şəkildə Müstəqil Seçkilər Komissiyasına təqdim edə biliblər və "saxtakarlıqlar" ilə bağlı irəli sürdükləri iddialarında israrlı olduqlarına baxmayaraq, tərəfdarlarını iğtişaş yaratmamağa çağırıblar.
Əfqanıstan Müstəqil Seçkilər Komissiyasının vitse-prezidenti Davud Nəcəfi Kamissiyaya səsvermə zamanı saxtakarlıqla bağlı şikayətlərin daxil olması barədə məlumatı Trend -a təsdiq edib.
Əsas namizədlər olmuş prezident Hamid Kərzai, sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzi, sabiq planlaşdırma naziri Rəməzan Bəşərdust və Kərzainin ən ciddi rəqibi - sabiq XİN rəhbəri Abdullah Abdullah nəticələrin Müstəqil Seçkilər Komissiyası çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıblar.
İki gün bundan əvvəl ABŞ-ın Baş Qərargah rəisi admiral Maykl Molenin Talibanın "təhlükəli şəkildə aktivləşməsi" haqda verdiyi bəyanat, prezidentliyə namizədlərin iğtişaşlardan çəkinməsi üçün yetərincə idi. Prezident seçkiləri günü Taliban 70 terror aktı törətsə də, beynəlxalq və yerli müşahidəçilər xalqın seçkilərdə fəal iştirakını təsdiqləyirlər. Bu göstərir ki, xalq hakimiyyətə və ölkədəki yeni yaranmış demokratiyaya arxayındır.
İranda isə, müxalifət qanun çərçivəsində şikayətlərinə baxılacağına inanmırdı və seçkilərdən 70 gün keçsə də, hələ də müxalifət Əhmədinejadın qələbəsini rəsmən tanımır və onların şikayətlərinə də baxılmayıb.
Hər halda, Əfqanıstan xalqı və siyasətçiləri bunu da başa düşürlər ki, hələ ki ölkəyə demokratiyadan çox sabitlik lazımdır. Keçən həftə ABŞ dövlət katibi Hilları Kllinton da ABŞ-ın vəzifəsinin Əfqanıstanda demokratiya deyil, sabitlik yaratmaq olduğunu xüsusi vurğulayıb.
İranda prezidentliyə namizədlərdən fərqli olaraq, Əfqanıstanda namizədlər arasında çox fərqli düşüncə və əsas fikir ayrılıqları yox idi. Xüsusilə də, ölkədə əhalinin əsas problemi olan iqtisadi və məişət problemləri ilə bağlı namizədlərin diqqətəlayiq, özəl planları yox idi. Lakin İranda xalq namizədlərin mövcud situasiyanı dəyişəcəyinə böyük ümidlər bəsləyirdi.
Əfqanıstanda iğtişaşların qarşısını alan digər amil, Əfqanıstanda dövlətçilik tarixi başlayandan indiyədək Pəştun tayfasının hakimiyyətdə olmasıdır. Əfqanıstan dövlətçiyinin banisi Şah Əhməd Əbadalinin 1747-ci ildə qurduğu hakimiyyətdən bugünədək bu ölkə həmişə Pəştun tayfasının hakimiyyəti ilə idarə olunub. Kərzainin əsas rəqibi Abdullah Abdullahın tacik olmasını nəzərə alsaq, çətin ki, ölkənin əksəriyyətini təşkil edən və tarixən pəştunların hakimiyyəti altında olan pəştunlar və ümumiyyətlə, əfqan xalqı onun qələbə qazanmamasına məyus olsunlar.
Digər tərəfdən, Abdullahın tərəfdarlarının prezident seçkilərinin nəticəsinə ümidləri çox idi. Abdullahın xüsusilə şimal və mərkəzi regionlarda yüksək səs qazanması, Kərzaini dəstəkləyən Pəştun regionlarında Talibanın fəal olması səbəbindən burada əhalinin az sayda seçkilərdə iştirakı, Abdullahın tərəfdarlarının belə düşünməsinə əsas vermişdi ki, prezident seçkilərində Kərzai 50+1% səs toplaya bilməyəcək və seçkilərin ikinci mərhələsi keçiriləcək.