...

Türkdilli dövlətlərin sammiti bir daha sübut etdi ki, Azərbaycan Dağlıq Qarabağ probleminin nizamlanmasında tək deyil – Türkiyə deputatı

Nəzər nöqtəsi Materials 17 Sentyabr 2010 18:27 (UTC +04:00)
Bu həftə İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı Azərbaycanın ərazi bütövlüyünün bərpasında istifadə etdiyi dəstəyi bir daha nümayiş etdirdi.
Türkdilli dövlətlərin sammiti bir daha sübut etdi ki, Azərbaycan Dağlıq Qarabağ probleminin  nizamlanmasında tək deyil – Türkiyə deputatı

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

Bu həftə İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı Azərbaycanın ərazi bütövlüyünün bərpasında istifadə etdiyi dəstəyi bir daha nümayiş etdirdi. Bu fikirləri Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Mustafa Kabakçı səsləndirib.

"Türkdilli dövlətlərin sammiti ümumi problemlərin həll edilməsi məqsədilə keçirilib ki, onlardan da biri Dağllıq Qarabağ münaqişəsidir. Biz bir daha əmin olduq ki, Azərbaycan bu məsələdə tək deyil", - Trend-ə Ankaradan telefonla parlamentin Azərbaycan-Türkiyə dostluq qrupunun sədri Kabakçı bildirib.

İstanbulda keçirilən birgünlük sammit çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb.

Əməkdaşlıq Şurasının yaradılması ideyasını ilk dəfə Nursultan Nazarbayev 2006-cı ildə Antalyadakı sammitdə bəyan edib. 2009-cu ildə Naxçıvanda keçirilmiş forumda bu ideya yeni beynəlxalq strukturun yaradılması haqqında sazişlə möhkəmlənib. Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədini daşıyan yeni regional ümumtürk birliyinin yaranması üçün baza olacaq.

Türkiyəli deputatın fikrincə, İstanbuldakı sammit bir daha sübut etdi ki, eyni köklərə malik və qohum dillərdə danışan ölkələr mövcud ümumi problemlərinin həll edilməsi üçün bir yerə toplaşmalıdırlar.

"Türkdilli ölkə başçılarının sammiti digər ölkə əleyhinə və ya digər region dövlətlərinə qarşı istiqamətlənməyib, əksinə, zorakılığın qarşısının alınması üçün türk dünyasının ümumi problemlərinin həllində irəliyə addım olub", - Kabakçı bildirib.

Türkiyəli deputat güman edir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Azərbaycan torpaqlarının işğalı da daxil olmaqla, hər bir ölkənin probleminin həlli üçün əsas yarada bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti